...

“Nar” mobil yeni vizual görünüşünü təqdim edib (FOTO)

Telekommunikasiya Materials 8 Aprel 2015 13:11 (UTC +04:00)
“Nar” mobil operatoru yeni vizual görünüşünü mətbuat nümayəndələrinə təqdim edib
“Nar” mobil yeni vizual görünüşünü təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

"Nar" mobil operatoru yeni vizual görünüşünü mətbuat nümayəndələrinə təqdim edib.

Trend-in məlumatına görə, jurnalistlərə yeni logo və kreativ platforma haqqında məlumat verilib. Mətbuat klubunda ənənəvi ziyafət verilib.

Aprelin 6-da "JW Marriott Absheron Baku" otelində möhtəşəm bir bayram ab-havasında fəaliyyətini yeni vizual görünüşü ilə davam etdirdiyini ictimaiyyətə elan etmiş Nar, aprelin 7-də mətbuat konfransı keçirib. "Hilton Baku" otelində keçirilən mətbuat konfransında çıxış edən "Azerfon" MMC-nin baş icraçı direktoru Kent Maknili "Nar" brendinin və "Nar Bağı kreativ platformasının fəlsəfəsi haqqında jurnalistlərə ətraflı məlumat verərək, mobil operatorun keçdiyi inkişaf yolundan danışıb. O, "Nar" ticarət nişanının yeni mərhələyə addım atmağa hazır olduğunu xüsusi vurğulayaraq, brendin daha böyük hədəflər haqqında düşündüyünü bəyan edib.

""Nar" operatorunun keçdiyi inkişaf yolu bir uğur hekayəsidir. Bu, komanda ruhunun hakim olduğu kollektivimizin hər bir fərdinin uğurudur, bizim ümumi qələbəmizdir. Fəaliyyət göstərdiyimiz illər ərzində biz daima şəbəkəmizi təkmilləşdirməyə, abunəçilərimizə münasibliyi və müxtəlifliyi ilə seçilən tarif planlarını və innovasiyaları təqdim etməyə, o cümlədən müştəri xidmətlərimizin səviyyəsini yüksəltməyə can atmışıq. Artıq yeni mərhələyə qədəm qoyuruq və daha yüksək nəticələrə doğru inamla irəliləyəcəyik", - deyə K.Maknili çıxışında xüsusilə qeyd edib.

Mətbuat konfransında iştirak edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov da mobil operatorun rəhbərliyini və bütün əməkdaşları təbrik edib, "Nar" ticarət nişanının Azərbaycanın rabitə bazarında daha da çox yeniliklər gətirəcəyinə əminliyini bildirib.

Mətbuat konfransının ardından jurnalistlər, bloggerlər və digər ictimaiyyət nümayəndələri Nar Mətbuat klubundakı ənənəvi ziyafətə dəvət ediliblər. Bu il Mətbuat klubunda keçirilən birinci görüş həmişə olduğu kimi istirahət formatında təşkil edilib. Qeyri-rəsmi şəraitdə və şən əhval-ruhiyyədə keçən görüşdə ilk dəfə olaraq lotereya oynanılıb və jurnalistlərə müxtəlif hədiyyələr təqdim edilib. İndiyədək keçirilən bütün görüşlərdə iştirak etmiş və hər zaman aktiv olmuş 5 jurnalistə "Nar" Mətbuat klubunun daimi üzvü" sertifikatı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti