Azərbaycan, Bakı, 29 aprel /Trend/
Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC və "EuroAZ" kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb.
ASC-dən Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən, Avropadan yayımlanan ilk Azərbaycan kanalı "EuroAZ" "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.
Qeyd edək ki, kanalda əsasən əyləncə xarakterli verilişlər, musiqi verilişləri, bədii və cizgi filmlər, seriallar nümayiş olunur. Kanal hazırda 11135/H/27500 tezliyi ilə yayımlanır.
"Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12.