Bakı. Trend:
Elektron xidmətlərin əlçatanlığının daha da asanlaşdırılması məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən “Elektron hökumət” portalının mobil tətbiqinin “iOS” versiyası yenilənərək, vətəndaşların istifadəsinə verilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu mobil əlavə vasitəsilə elektron xidmətlər vətəndaşlara daha rahat və əlçatandır.
Geniş istifadəçi auditoriyasına malik sözügedən mobil tətbiqin “iOS” versiyasının “Elektron arayışlar” bölməsinə aşağıda adları çəkilən 5 elektron arayış əlavə olunub:
- İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış
- Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında elektron arayış
- Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış
- Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış
- Dənizçinin şəxsiyyət sənədi
Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıda adları çəkilən 2 xidməti də mobil tətbiqə əlavə edilib:
- Sosial sığorta haqqında məlumat
- Sığortaedənin uçot nömrəsinin öyrənilməsi
Hazırda “Elektron hökumət” portalı mobil tətbiqinin “iOS” versiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 2, Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3 elektron xidməti, həmçinin 11 adda elektron arayış vətəndaşların istifadəsindədir.
Bununla da mobil tətbiqinin “iOS” versiyasında ümumilikdə elektron xidmətlərin sayı 25-ə çatdırılıb və yaxın gələcəkdə “Android” versiyasına da bu əlavələrin inteqrasiya olunması nəzərdə tutulub.
Mobil əlavəyə giriş elektron imza kartı və istifadəçi adı/şifrə vasitəsilə mümkündür. Qeyd edək ki, sözügedən tətbiqi “AppStore”-da “Elektron hökumət portalı” yazıb axtarış etməklə, mobil qurğunuza yükləyə bilərsiniz. Mobil tətbiqlə bağlı yaranan sualları “157 Zəng Mərkəzi”nə ünvanlamaq mümkündür.