...

Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur (FOTO/VİDEO)

Telekommunikasiya Materials 6 Mart 2018 14:50 (UTC +04:00)
Yola 50 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırlacaq, 30 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək
Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur (FOTO/VİDEO)

Bakı. Trend:

Ağstafa rayonu ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində xeyli iş görülüb və görülməkdə davam edir. Onlardan biri Kolayır - Düzqışlaq - Mollacəfərli - Xılxına - Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarıdır.

Trend-in məlumatına görə, sözügedən marşrut üzrə 10 km uzunluğunda olan yolun hərəkət hissəsində qabarmalar və çökmələr, çalalar əmələ gəlmişdi. Avtomobil yolunun Qarahəsənli kəndinin ərazisindən keçən hissəsində yolun uzunluğu 2 km, Kolayır kəndinə giriş yolunun uzunluğu 1.8 km, enləri isə 5-6 metr arasında dəyişir və yol əsası ilə yol geyiminin V texniki dərəcəyə uyğun bərpası tələb olunurdu. Düzqışlaq-Molla Cəfərli-Xılxına avtomobil yolunun uzunluğu 6.2 km-dir və yolun 3.7 km-i IV texniki dərəcəyə, 2.5 km hissəsi isə V texniki dərəcəyə uyğun əsaslı təmir olunmalı idi.

Bu üzdən sözügedən yollar üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.

Agentlikdən bildirilib ki, tikinti layihəsinə uyğun olaraq yolun əsasında dağılmış hissələr müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək yayılır və kipləşdirilir. Mövcud çınqıl örtüklü yol avtoqreyderlə plana salınaraq kipləşdirilir və yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır. Bundan başqa çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülür.

Yol əsası hazır olan hissələrə isə layların əlaqələndirilməsi üçün bitumun səpilir və örtüyün alt qatı iri dənəli, üst qatı isə xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Artıq yolun təqribən 4 km-lik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla inşa işləri aparılaraq yekunlaşdırılıb.

Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə 8 ədəd mövcud dəmir suötürücü boru qazılaraq çıxarılıb, əvəzinə yeni dəmir-beton borularaq quraşdırılıb və başlıqlarının tikintisi aparılıb.

Mövcud tikinti norma və qaydalarına əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra hərəkətin normal təşkili üçün yola 50 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırlacaq, 30 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.

4 mindən artıq əhalinin yaşadığı Kolayır - Düzqışlaq - Mollacəfərli - Xılxına - Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarının yenidən qurulması işlərinin yaxın müddət ərzində tam olaraq yekunlaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti