...

Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub (FOTO)

Telekommunikasiya Materials 29 Sentyabr 2022 16:31 (UTC +04:00)
Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub (FOTO)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun dəstəyi ilə Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müasir avadanlıqlarla təchiz olunmuş Aerokosmik Monitorinq Təlim Mərkəzinin məqsədi geoinformasiya texnologiyalarının tətbiqi, xüsusilə peyk təsvirlərinin analizi, rəqəmsal emalı və coğrafi informasiya sistemləri sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasıdır. Tələbələr əldə etdikləri nəzəri bilikləri bu mərkəzin təhsil proqramı çərçivəsində təcrübədə tətbiq etməyi öyrənəcəklər.

Tədris prosesinə təlimçi qismində Azərkosmos, Milli Aviasiya Akademiyası və bu sahədə fəaliyyət göstərən digər qurumların, ali məktəblərin, o cümlədən qabaqcıl beynəlxalq universitet və şirkətlərin aparıcı mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulur.

Təlim müddətində dinləyicilər müxtəlif proqram təminatlarında verilənlərin emalı xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan dilində tərtib edilmiş metodik vasitələr və mentorlarla təmin ediləcəklər. Təlim vəsaiti nəzəri bilikləri, tapşırıqlar toplusunu və proqram təminatının əsas funksionallığı haqqında məlumatları əhatə edəcək.

Kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, dünyada coğrafi informasiya sistemləri, məsafədən müşahidə məlumatlarının əldə olunması, emalı və tətbiq edilməsinə olan tələbat durmadan artır. Geoinformasiya texnologiyaları sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi daha da aktuallaşır. Bu baxımdan müasir geoinformasiya texnologiyalardan bacarıqla istifadə edə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması vacib məsələdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti