...

“Blockchain” nədir, Azərbaycanda necə tətbiq olunur?

Telekommunikasiya Materials 21 Yanvar 2023 12:00 (UTC +04:00)
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

“Blockchain”. Bu texnoloji yenilik müasir rəqəmsal dünya üçün nə qədər mühüm, nəhəng və tanınmış olsa da, Azərbaycanda onun adını belə çoxumuz bilmirik. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Bu səbəblərə keçməzdən əvvəl, gəlin, “blockchain”in nə olduğuna qısa nəzər salaq;

“Blockchain” texnologiyası rəqəmsal pul və digər rəqəmsal tətbiqlərlə həyatımıza daxil olub. Bu texnologiya ilə hər cür fəaliyyəti izləmək və alış-veriş etmək mümkündür.

“Blockchain” nədir? Bu texnologiya necə işləyir?

Bloklardan ibarət zəncirvari quruluşa malik olan “blockchain” hər bir blokda bərabər paylanmış data bazası sistemidir. Misal üçün, pul köçürmələrində hər addım blok yaradır. Göndərənin adı və göndərilən məbləğ kimi məlumatların hər biri bir blokdur. Köçürmə prosesi zamanı yaradılan bu bloklar şifrələnir və heç vaxt dəyişdirilə və ya sındırıla bilməz.

Bu bloklar bütün şəbəkədə hər kəsə paylanır və hər kəs eyni şifrələnmiş məlumata malik olur. Blokçeynin mərkəzsizləşdirmə prinsipi bu texnologiyaya əsaslanır. Blokdakı məlumatlar yalnız onlarda göstərilən alıcı və satıcı tərəfindən istifadə oluna bilər. Bununla belə, “blockchain” texnologiyası şəffafdır, istəyən hər kəs bu günə qədər yığılmış blokları nəzərdən keçirə bilər.

Bu texnologiya fərdi istifadəçilərə rəqəmsal kimliklərinə nəzarət imkanı verir. Buna görə də blokçeyn təkcə kriptovalyutaların istehsalında deyil, həm də saxlama, idarəetmə kimi bir çox fərqli sahələrdə istifadə olunur. Belə ki, çox güvənli olması baxımından blokçeyn təkcə maliyyə sektoru ilə məhdudlaşmır, ayrı-ayrı biznes sahələri tərəfindən də istifadə edilir. Bu mənada, blokçeyn texnologiyasının dördüncü sənaye inqilabının mərkəzində olduğu iddia edilir.

Məhz bu səbəblərdən hazırda inkişaf etmiş bir sıra dövlətlərdə blokçeyn texnologiyası ilə fərqli sektorların bir-birinə inteqrasiyası təmin edilir.

Bəs, bu sahədə Azərbaycanda vəziyyət necədir?

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Azərbaycanda bu texnologiya hələlik yalnız Mərkəzi Bank tərəfindən tətbiq edilib. Məhz Mərkəzi Bankın “mainer”liyi, yəni bu texnologiyanın əsas yaradıcısı ilə bu gün ölkəmizdəki bütün banklar bərabər şəkildə eyni məlumatlara çıxış əldə edə bilirlər. Misal olaraq, vətəndaş kredit almaq üçün hər hansı bir banka yaxınlaşdıqda bank o vətəndaşın müraciəti və razılığı əsasında onun kredit tarixçəsi barədə bütün məlumatları avtomatik olaraq əldə edir. Bütün bunlar blokçeyn sistemi sayəsində həyata keçirilir.

Məslənin aktuallığını və bu texnologiyanın gələcəkdə yarada biləcəyi inqilabi dəyişikliyi nəzərə alaraq, “Blockchain” texnologiyası üzrə mütəxəssis Sənan Həsənovla həmsöhbət olduq.

  • Hazırda "Blockchain" texnologiyası Azərbaycanda hansı sahələrdə tətbiq olunur?
  • Sistemin tətbiqi, saxlanması üçün sərf olunan maliyyə, eləcə də bu texnoloji sistemin üstünlükləri,
  • Bu texnologiyanın ölkəmizdə zəif tətbiq olunmasının səbəbi,
  • “Blockhain”i ölkəmizdə yaxın gələcəkdə hansı sahələrdə tətbiq etmək mümkündür. Perspektiv nədir?

Bu suallar ətrafında danışan S.Həsənov bildirdi ki, hazırda “blockchain” texnologiyası istər dünyada, istərsə də Azərbaycanda yeni olduğuna görə çox da geniş tətbiq sahələri yoxdur. Daha çox mövcud qlobal “blockchain” texnologiyası üzərindən hər hansı tokenlərin (nişan) buraxılışı və o tokenlərin fərdi biznes sahəsində tətbiqi müşahidə olunur: “Amma Azərbaycanda da bir sıra qurumlar var ki, bu sahədə işlər aparır, müəyyən tətbiq istiqamətlərini araşdırırlar. Düşünürəm ki, önümüzdəki 5-10 il ərzində konkret sahələr üzrə "blockchain" texnologiyasının tətbiqinin şahidi olacağıq”.

“Blockchain” texnologiyasının üstünlüklərindən danışan S.Həsənov qeyd etdi ki, bunlardan ən vacibi onun mərkəzsiz bir texnologiya olmasıdır.

“Mövcud resurslardan mərkəzsiz istifadə imkanı verdiyinə görə, təbii ki, bu, qənaətli bir texnologiyadır. Müqayisə olaraq baxsaq, misal üçün, "Uber" taksi xidmətini nəzərdən keçirsək, görürük ki, bu şirkət dünyanın ən böyük taksi şirkətlərindən biri olmasına baxmayaraq, bir ədəd belə avtomobilə sahib deyil. Sadəcə, şirkət insanların öz avtomobilləri ilə taksi fəaliyyəti göstərməsi üçün belə bir sistem formalaşdırıb. “Blockchain” texnologiyası da eyni məntiq üzərindən çalışır, sadəcə olaraq, hələlik maliyyə istiqamətində. Bildiyiniz kimi, dünya ölkələrində mərkəzi banklar var, bu banklar pul sistemini tənzimləyir. Bunun üçün, təbii ki, çox ciddi mərkəzi dövlət resursları sərf olunur - insanlar çalışır, serverlər alınır, böyük miqdarda vəsait sərf olunur ki, bu proses tənzimlənsin. Halbuki, “blockchain” texnologiyasında bu, insanlar tərəfindən həyata keçirilir. Yəni “blockchain” üzərindən olan əməliyyatların təsdiqi bir-birindən asılı olmayan, dünyanın müxtəlif yerlərində yerləşən kompüterlər vasitəsilə həyata keçirilir. Bunlar “blockchain” texnologiyasında nodlar adlanır. Əməliyyatlar nodlar tərəfindən təsdiqlənir və proses tamamlanmış olur. Beləliklə, bu prosesdə mərkəzi bankın və ya hər hansı bir bankın iştirakına ehtiyac qalmır”, - deyə mütəxəssis vurğuladı.

Azərbaycanda rəqəmsal manat yaradılır

“Blockchain” texnologiyasının ölkəmizdə zəif tətbiq olunmasına gəlincə, ekspert bunu texnologiyanın özünün yeni olması ilə əlaqələndirdi: “Bu texnologiya barədə məlumatlılıq nisbətən azdır. Hansı formada, necə tətbiq oluna bilər və s. ilə bağlı, düşünürəm ki, istər dövlət, istərsə də özəl sektorda suallar var. Məlumatlılıq aşağı səviyyədə olduğuna görə tətbiq istiqamətləri də zəifdir”.

Həyatımızı asanlaşdırır, işgörmə tərzimizi dəyişir

S.Həsənov əlavə etdi ki, əslində, bu texnologiyanın tətbiq istiqamətləri yetərincə genişdir. Belə ki, ilk olaraq, bu sistemi maliyyə sektorunda geniş tətbiq etmək olar. Kağız, yaxud elektron pulların bir yerdən başqa yerə köçürülməsi prosesini bu texnologiya vasitəsilə daha sürətli həyata keçirmək mümkündür. Bütün proses onlayn olduğuna görə, üstəlik də kriptoqrafik bir kodlama mexanizmi olduğu üçün bu sistem daha təhlükəsizdir. Ona görə bu texnologiyanı, ilk növbədə, maliyyə sektorunda çox rahatlıqla tətbiq etmək olar.

Eyni zamanda, “blockchain” avtomatlaşdırma təmin etdiyi və öhdəliklərin, vəsaitlərin, maraqların bir yerdən başqa yerə köçürülməsi prosesini sürətləndirdiyi üçün burada fərqli tətbiq istiqamətləri də formalaşır. Misal üçün, əmlak hüquqlarının bir şəxsdən başqa şəxsə köçürülməsi, eləcə də notarius sistemini “blockchain” texnologiyası tamamilə avtomatlaşdırır. Həmçinin, “blockchain” bizneslər üçün, xüsusilə, orta və kiçik biznes sahibləri üçün böyük imkanlar yarada bilər. Mərkəzi bir “blockchain” sistemi olarsa, sahibkarların qeydiyyatı, onların vəsait ehtiyaclarının qarşılanması, investisiyaların cəlbi və sair ilə bağlı sahibkarlar tokenlər buraxa bilərlər. Əslində, bu texnologiya dövlət orqanlarının yükünü azaldan, prosesləri avtomatlaşdıran bir mexanizmdir.

Beləliklə, blokçeynin gətirdiyi imkanları ümumi olaraq belə xarakterizə edə bilərik: həyatımızı asanlaşdırır, maliyyə, səhiyyə, elm və sənaye kimi müxtəlif sektorlarda və sahələrdə işgörmə tərzimizi dəyişir.

Elgün Mənsimov,
Trend
@Elgun_Mensimov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti