Bakı. Trend:
Etibarlı rəqəmsal infrastruktur Azərbaycan iqtisadiyyatı üçün həlledici əhəmiyyət kəsb edir.
Trend xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov Bakıda keçirilən "SPECA 2023 İqtisadi Forumu"nda deyib.
"Hazırda Azərbaycanın rəqəmsal infrastrukturunun genişləndirilməsi və modernizasiyasına investisiyalar qoyulur və təchizat zənciri çərçivəsində bu infrastrukturun dayanıqlılığını və məlumat əsalı xidmətlərə artan tələbatı dəstəkləmək qabiliyyətini təmin edir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan maneəsiz transsərhəd məlumat mübadiləsini asanlaşdıran ümumi standart və protokolların işlənilməsi üzərində həmkarları ilə fəal əməkdaşlıq edir.
"Məqsədimiz ticari baryerləri azaltmaq və regional əlaqələri möhkəmləndirməkdən ibarətdir. Bu gün qlobal ticarət və keçid dövründə rəqəmsallaşma nəqliyyat dəhlizlərinin formalaşmasında, həmçinin, səmərəlilik, şəffaflıq və əlaqəliliyin formalaşmasında mühüm qüvvəyə çevrilir", - deyə B.Məmmədov vurğulayıb.
O, Azərbaycanın, həmçinin, şəffaflığın təmin olunmasına, eləcə də, nəqliyyat və logistika sahəsində fəaliyyətin sadələşdirilməsinə imkan yaratmaqla bütün hərəkət marşrutları istiqamətləri üzrə yük daşımalarının səmərəliliyi, nəticəliliyi və keyfiyyətini artıracaq, həmçinin, yükdaşıma müddətini qısaldacaq rəqəmsal nəqliyyat-logistika platformasının yaradılması üzərində fəal şəkildə çalışdığını qeyd edib.
Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə təsis olunub.
Hazırda "SPECA"-ya üzv dövlətlər Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.
"SPECA" regional əməkdaşlıq yolu ilə ən yaxşı şəkildə əldə edilməsi mümkün olan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün sub-regional əməkdaşlıq platforması təmin edir. 2023-cü ildə Proqrama Azərbaycan sədrlik edir.
20-24 noyabr 2023-cü il tarixlərində Bakıda "SPECA Günləri" keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)