Bakı. Trend:
“4SİM Azərbaycan” və “Binance” qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar.
Trend xəbər verir ki, imzalanma "Chain Reaction 2024" forumu çərçivəsində baş tutub.
Memorandum “4SİM Azərbaycan”ın icraçı direktoru Fariz Cəfərov və “Binance”-in regional bazar şöbəsinin rəhbəri Vişal Saçindran arasında imzalanıb.
Bu əməkdaşlığın Azərbaycan gəncləri və mütəxəssislərinə web3, blokçeyn və əlaqəli texnologiyalar sahəsində qabaqcıl biliklərin təqdim edilməsi yolunda vacib bir addım olduğu qeyd olunur.
Memorandum çərçivəsində Binance Academy və onun strateji təhsil tərəfdaşı olan Blokçeyn və AI Texnologiyaları Mərkəzi Azərbaycan universitetləri ilə Global University Outreach Program (GUOP) proqramı vasitəsilə əməkdaşlıq edəcək.
Əməkdaşlıq çərçivəsində tədris proqramlarının hazırlanması, sahənin aparıcı mütəxəssisləri tərəfindən mühazirələr və müəllimlər üçün birgə seminarların keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Binance Academy blokçeyn, NFT və metaverse kimi mövzular üzrə akkreditə olunmuş onlayn kurslar təqdim edəcək. Kurslar həm azərbaycan, həm də ingilis dillərində mövcud olacaq.
"Bizim tərəfdaşlığımız ölkədə təhsil və bu sahənin inkişafını irəlilətməyi nümayiş etdirir. Blokçeyn və rəqəmsal aktivlər sahəsində innovasiyaları və artımı təşviq etmək üçün əsas təşəbbüslərə diqqət yetirəcəyik. Məqsədimiz tələbələrə və mütəxəssislərinə rəqəmsal iqtisadiyyat üçün vacib bilikləri təqdim etməkdir. Veb3 və blokçeyn texnologiyaları sahəsində təlim və innovasiyalar üçün dəyərli imkanlar təqdim etməklə Azərbaycanda blokçeyn təşəbbüsləri barədə məlumatlılığı artırmaq və inkişaf etdirmək üçün lokallaşdırılmış təhsil proqramlarını dəstəkləməkdən məmnunuq", - Vişal Saçindran şərh edib.