Cari ilin oktyabr ayından Azərpoçt DM-in poçt şəbəkəsində Western Union və Travelex sistemləri vasitəsilə pul köçürmələrinin həyata keçirilməsi planlaşdırılır. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, hazırda bu sistemlərin həyata keçirilməsi istiqamətində işlər aparılır.
Poçt pul köçürmə sistemlərinin tətbiqinnin texniki tərəfindən başqa bu sistem üzrə təcrübənin artırılması üçün DM işçiləri üçün bir müddət müvafiq treninqlər keçirilir.
Azərpoçt DM-lə Western Union və Travelex beynəlxalq pul köçürmə sistemləri arasında bu sistemlərin Azərbaycanın poçt şəbəkəsinə daxil edilməsinə dair danışıqlar cari ilin mayında başlanıb.
"Bu xidmətlər müəssisənin poçt şəbəkəsinə tətbiq olunduqdan sonra dünyanın istənilən nöqtəsindən 15-20 dəqiqəyə pul köçürmələrini həyata keçirmək mümkün olacaq", - deyə nazirlikdə bildirilib.
Bir müddət keçəndən sonra belə pul əməliyyatlarının Azərbaycanın regionlarında da həyata keçirilməsi planlaşdırılır.