...

Leyla Əliyeva: Azərbaycan və Rusiyanı uzunmüddətli dostluq illəri və mehriban qonşuluq münasibətləri bağlayır (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 20 Dekabr 2013 19:48
Bu gün Rusiyanın Volqoqrad şəhərində Volqoqrad-Bakı dostluq parkının açılış mərasimi keçirilib.
Leyla Əliyeva: Azərbaycan və Rusiyanı uzunmüddətli dostluq illəri və mehriban qonşuluq münasibətləri bağlayır (ƏLAVƏ OLUNUB) (FOTO)

Trend-i buradan izləyin

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:24-də yayılıb)

Rusiya, Volqoqrad, 20 dekabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Bu gün Rusiyanın Volqoqrad şəhərində Volqoqrad-Bakı dostluq parkının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov, Volqoqradın meri İrina Quseva və digər rəsmi şəxslər iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti açılış mərasimində çıxışı zamanı Volqoqradda səmimi qəbula görə toplaşanlara təşəkkürünü bildirib.

Leyla Əliyeva qeyd edib ki, Volqoqrada ilk dəfədir gəlir və şəhərin güclü aurası və enerjisini hiss etmək onun üçün çox xoşdur.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu Rusiyada fəaliyyətə başladığı gündən etibarən çox böyük iş görüb: "Ulyanovskda məktəbin tikintisi, M.İ.Rudomin adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması kimi layihələr həyata keçirilib. Heydər Əliyev Fondu Leninqraddakı "Nevski Pyataçok" Əsgəri Memorialın Beynəlmiləl şöhrət və xatirə xiyabanında 1941-1945-ci illərdə Leninqradın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərlərə həsr edilmiş xatirə stelasını ucaldıb".

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, Azərbaycan nümayəndə heyəti Volqoqrada Həştərxandan gəlib: "Həştərxanda park, körpü, məktəb və uşaq meydançasının açılışı olub, bundan başqa, uşaq bağçasının tikintisi planlaşdırılır". Leyla Əliyeva deyib ki, Fondun bir çox maraqlı layihələri var.

Onun sözlərinə görə, Azərbaycan və Rusiyanı uzunmüddətli dostluq illəri və mehriban qonşuluq münasibətləri bağlayır: "Ölkələrin bir çox birgə ağır, faciəvi anları olub, bununla yanaşı, bir çox xoş, yaxşı anlar da yaşanıb".

Leyla Əliyeva bildirib ki, Azərbaycanda böyük rus ədəbiyyatını, mədəniyyətini və tarixini sevirlər: "Respublikanın məktəblərində rus dilinin öyrənilməsi tam olaraq saxlanılıb, Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir. Bakının küçələrində həmişə rus dilində danışıqları eşitmək olar".

Leyla Əliyeva əmin olduğunu bildirib ki, dostluğa, etimada və qarşılıqlı anlayışa əsaslanan bu münasibətlər yalnız möhkəmlənəcək və inkişaf edəcək.

Fondun vitse-prezidenti toplaşanları Bakıya səfərə, Xəzərin sahilində yerləşən bulvarda gəzintiyə çıxmağa və şəhərlə tanış olmağa dəvət edib.

Volqoqrad vilayətinin hökumət başçısının birinci müavini Roland Xerianov bildirib ki, Azərbaycan inşaatçıları qısa müddət ərzində (2013-cü ilin iyun ayından) gözəl park yaradıblar: "Buna görə də Volqoqrad Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirir. Bu park Rusiya və Azərbaycan arasında dostluğun möhkəmlənməsinin rəmzinə çevriləcək". O xatırladıb ki, Volqoqradda Bakının adına küçə var, Böyük Vətən müharibəsi illərində isə azərbaycanlı əsgərlər də Stalinqrad - indiki Volqoqrad uğrunda qəhrəmancasına savaşıblar.

Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəniyyətlərarası əlaqələr üzrə İdarəsinin planlaşdırma departamentinin rəhbəri Valeri Maksimov deyib ki, parkın yenidən qurulması şəhər sakinlərinə xeyli müsbət emosiya bəxş edəcək: "Parkın açılması iki ölkə rəhbərinin Azərbaycan və Rusiya arasında dostluq və strateji münasibətlərin inkişafına istiqamətlənmiş səylərini göstərir".

Volqoqrad şəhərinin başçısı İ.Quseva bildirib ki, Volqoqrad vilayətinin hökuməti Bakıda Stalinqrad döyüşünün qəhrəmanlarına abidə ucaltmaq niyyətindədir.

Azərbaycan milli ornamentlərinin istifadə edildiyi park mövcud Mərkəzi Mədəniyyət və İstirahət parkının 7 hektar sahəsini əhatə edəcək.

Qeyd edək ki, Parkın təntənəli təməlqoyma mərasimi 2013-cü il iyunun 5-də, IV "Rusiya-Azərbaycan: dinlərarası dialoq - 2013" Forumunun ilk günündə keçirilib.

Sonra Leyla Əliyeva Volqoqradda Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş 3 saylı Gimnaziyanın uşaq idman meydançasının açılış mərasimində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti