...

Hindistan İranı ehtiyatla əldə saxlayaraq, ABŞ-a yaxınlaşır - Trend News-un icmalçısı

Nəzər nöqtəsi Materials 23 Fevral 2010 09:00 (UTC +04:00)
Hindistanın, bir tərəfdən, ildə 5 faiz enerji tələbatı artdığı üçün İrandan sutkada 350 min barel neft idxal etdiyini və İranla 13 milyard dollarlıq maliyyə dövriyyəsini (bu rəqəmin 10 milyard dolları energetika sahəsinə aiddir), digər tərəfdən İsrail ilə hərbi müqavilələrini, ABŞ-la nüvə sahəsində geniş sazişlərini nəzərə alsaq, açıq şəkildə bu ölkələrdən (İran və ABŞ-İsrail) hansının tərəfini tutacağını müəyyən etmək olmur.
Hindistan İranı ehtiyatla əldə saxlayaraq, ABŞ-a yaxınlaşır - Trend News-un icmalçısı

Trend -un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

Hindistanın, bir tərəfdən, ildə 5 faiz enerji tələbatı artdığı üçün İrandan sutkada 350 min barel neft idxal etdiyini və İranla 13 milyard dollarlıq maliyyə dövriyyəsini (bu rəqəmin 10 milyard dolları energetika sahəsinə aiddir), digər tərəfdən İsrail ilə hərbi müqavilələrini, ABŞ-la nüvə sahəsində geniş sazişlərini nəzərə alsaq, açıq şəkildə bu ölkələrdən (İran və ABŞ-İsrail) hansının tərəfini tutacağını müəyyən etmək olmur. Lakin rəsmi Dehlinin son beş ildə atdığı addımlar göstərir ki, bu ölkə çox ehtiyatla İranı əldə saxlayaraq, ABŞ-a yaxınlaşmaqdadır.

İranın Xarici İşlər Nazirliyinin tədqiqat mərkəzinin sədr müavini Məhəmməd Bağır Xürrəmşad fevralın 22-də İLNA agentliyinə bildirib ki, İran əvvəllər nüvə proqramı ilə bağlı Hindistanın mənfi mövqe tutacağına inanmırdı. "Lakin artıq rəsmi Dehlinin Tehrana qarşı mənfi mövqe tutduğunu düşünürük", - Xürrəmşad deyib.

Hindistan MAQATE Hakimlər Şurasının üzvu olaraq, indiyədək bu Şuranın İrana qarşı hər iki qətnaməsinə (İranın əleyhinə) səs verib.

Bu həftə MAQATE-nin yaponiyalı yeni baş katibi Yukiya Amano İranın nüvə proqramı ilə bağlı birinci məruzəsini hazırlayıb. Həmişəki kimi, məruzə rəsmən MAQATE-nin saytında nəşr olunmadan müəyyən kanallar vasitəsilə Qərb medialarında yayılıb.

Amanonun fevralın 20-də yayılan məruzəsində ilk dəfə olaraq İranın nüvə başlığı yaratmağa cəhd etməsi ehtimalı qeyd olunub və sabiq baş katib Məhəmməd əl-Baradeyinin məruzələrindən fərqli olaraq, məruzədə konkret şəkildə İranın nüvə proqramından yaranan narahatlıqlar öz əksini tapıb. Yaxın gələcəkdə bu məruzə MAQATE Hakimlər Şurasının 35 üzvü arasında müzakirəyə çıxarılacaq.

Hindistan indiyədək MAQATE HŞ-nin İranın nüvə proqramı ilə bağlı hər iki qətnaməsinə (2006-ci ilin may ayı və 2009-cu ilin noyabr ayında təsdiq olunan qətnamələr) səs verib. Bundan əlavə, Hindistan İrana qarşı sanksiyalarda müəyyən qədər iştirak edib. Belə ki, Hindistanın İndian Oil şirkətinin İranın Cənub Pars layihəsinin 12-ci fazasında və LNG layihəsində aktiv iştirak etməyə çalışmasına baxmayaraq, bu ölkənin Reliance şirkəti 2009-cu ilin may ayından daxili benzin tələbatının 40 faizini xaricdən idxal edən İrana benzin satışını dayandırıb. İran Hindistanın digər şirkətləri ONGC və Hinduja ilə 35 trilyon kubfut qaz ehtiyatına malik olan 12-ci fazanın 40 faiz səhmini satmağı (9,7 milyard dollar məbləğində) müzakirə edir, həmçinin LNG istehsalı layihəsinin 20 faizində iştirak etmək şərti ilə ildə 6 milyon ton qazı Hindistana satmağı təklif edib.

Digər tərəfdən, Hindistan Çin və İrana qarşı ABŞ üçün xüsusi strateji əhəmiyyət kəsb edir. 2009-cu ilin iyun ayında ABŞ dövlət katibi Hillari Klinton Hindistan səfərində Baş nazir Manmohan Sinq ilə görüşündə bildirib ki, hazırda Hindistan ABŞ-ın xairici siyasətində əsas prioritetdir. İki ölkənin ticari dövriyyəsinin illik həcmi 43 milyard dollar təşkil edir və 2007-ci ildə ABŞ rəsmi Dehli ilə nüvə proqramı üzrə geniş müqavilələr bağlayıb. Hazırda Hindistanın "enerji səbətində" nüvə elektrik enerjisi 1 faiz təşkil edir. 2004-cü illə müqayisədə ABŞ və Hindistanın maliyyə dövriyyəsi 25 faiz artıb. Bundan əlavə, hazırda 9000 hind tələbə ABŞ universitetlərində təhsil alır.

Hindistan ABŞ-ın təzyiqləri səbəbindən 2007-ci ildə Sülh kəmərindən imtina edib. Bu kəmər vasitəsilə İran qazı Pakistan və Hindistana nəql olunmalıydı.

Digər tərəfdən, İsrail Hindistana silah satışı baxımından ikinci yeri tutur və bu ölkələr arasında raket, müdafiə sistemləri, yüksək hərbi texnika və hərbi personalın təlimi üçün geniş əməkdaşlıq var.

Hindistan 2007-ci ilin sonunda İsrailin 300 kq-lıq TechSAR casusluq peykini kosmosa göndərdi və bu, İranın sərt etirazına səbəb oldu. Bundan əvvəl İsrail Üfüq-1 peykini orbitdə yerləşdirmişdi, lakin TechSAR daha güclü radarlara malikdir, gecə və dumanlı havada da casusluq imkanları var. Bu isə kosmos bazarına yeni daxil olmuş Hindistana imkan yaradır ki, Çin, Ukrayna, Avropa və ABŞ-la rəqabətdə 2,4 milyardlıq bazarda kosmosa peyk göndərmək sahəsində öz yerini tutsun.

Hər halda, Hindistan indiyədək İranın nüvə proqramı ilə bağlı açıq şəkildə sərt mövqe bildirməyib.

İran dünyada neft istehsalının həcminə görə dördüncü ölkədir və hazırda sutkada 2,5 milyon barel neft xaricə satır - 480 min barel Çinə, 350 min barel Hindistana, qalanını isə Yaponiya və digər ölkələrə ixrac edir.

İran yalnız energetika sahəsində deyil, həmçinin təhlükəsizlik baxımından da Hindistan üçün əhəmiyyətlidir. Hindistanın İranın cənubunda yerləşən Abbas limanında konsulluğu var və bu konsulluq vasitəsilə Hörmuz boğazına nəzarət edir. Dünyanın neftə olan tələbatının 60 faizi bu boğaz vasitəsilə nəql olunur. Digər tərəfdən son 60 ildə Pakistan və Hindistan arasında üç dəfə müharibə olub. Rəsmi Dehlinin İranın Pakistanla sərhəd olan Bəluçistan əyalətində konsulluğu var. Bu konsulluğun Pakistana qərbdən nəzarət etmək üçün mühüm rolu var. Hazırda iki ölkənin Kəşmir əyaləti üzərində ərazi iddiaları var.

Bundan əlavə, Pakistan-İran arasında olan normal münasibətləri nəzərə alsaq, Hindistan Kəşmirin statusu məsələsində beynəlxalq səviyyədə İranın dəstəyinə ehtiyac duyur.

Bu faktlara görə, Hindistan İranla müdafiə məsələləri üzrə 2001-ci ildə saziş imzalayıb. İki ölkə 2003-cü ildə İranın cənub sularında (ABŞ-ın İraqa hücumu ərəfəsində), və 2006-cı ildə (ABŞ Prezidenti Buşun Pakistan, Hindistan və Əfqanıstana səfəri ərəfəsində) müştərək hərbi təlimlər keçirib.

Hindistan və İran arasında 1950-ci ildə Hindistanın müstəqil olmasından az sonra "Əbədi sülh və dostluq müqaviləsi" bağlanıb. Buna baxmayaraq, iki ölkə son 60 ildə qeyri-sabit əlaqələrə malik olub.

Məhəmməd Rza Şahın hakimiyyəti dövründə İran Pakistanla birlikdə SENTO müdafiə müqaviləsinə üzv olub və 1965-1971-ci illərdə Pakistan-Hindistan müharibəsində rəsmi İslamabada silah yardımı edib.

İran İslam İnqilabından sonra ilk dəfə Hindistanın Baş naziri Narasimha Rao 1993-cü ildə İrana səfər edib. 1995-ci ildə isə İran Prezidenti Əkbər Haşimi Rəfsəncani Hindistana səfər edib.

2001-ci ildə isə Prezident Məhəmməd Xatəmi və Baş nazir Vaçpayi arasında "Müdafiə üzrə əməkdaşlıq" müqaviləsi bağlanıb.

Belə bir "fırtınalı tarixi əlaqələri" nəzərə alsaq, Hindistanın İranı qəti şəkildə müdafiə edəcəyi inanılmazdır.

Xəbər lenti

Xəbər lenti