...

Deputat: Erməni separatçıları güman edirlər ki, qondarma rejimin müstəqilliyinə nail ola bilərlər

Nəzər nöqtəsi Materials 1 Oktyabr 2017 17:36 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Erməni separatçıları güman edirlər ki, qondarma rejimin müstəqilliyinə nail ola bilərlər.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, İspaniyanın Kataloniya vilayətinin oktyabrın 1-də müstəqillik haqqında referendum keçirmək kimi separatçı davranışı erməni separatçılarını bir qədər ruhlandırıb və güman edirlər ki, əgər separatizm dalğası genişlənirsə, onlar da öz separatçı fəaliyyətlərini genişləndirməklə işğal etdikləri Azərbaycan ərazilərində yaratdıqları qondarma rejimin müstəqillinə nail ola bilərlər:

"İspaniyada 17 muxtar vilayət var və bu vilayətlərdən biri, yəni Kataloniyanın öz müstəqilliyini elan etməklə bağlı separatçı davranışı təbii ki, bütün dünyada birmənalı olaraq bir mövqe ilə qarşılaşıb - dünya ölkələri, BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr bu hadisəyə öz mənfi münasibətini bildirib, İspaniyanın ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını ifadə ediblər".

Deputat hesab edir ki, bu gün erməni separatçılarının ruhlanması üçün heç bir əsas yoxdur:

"Yəni separatçıların davranışı beynəlxalq aləmdə kəskin reaksiya ilə qarşılanıb və heç bir dövlət bu separatçıların ayrıca dövlət yaratmaq kimi qeyri-qanuni hərəkətlərini qəbul etməyib və onu müdafiə etməyib. Erməni lobbisi, Ermənistandakı müəyyən qruplar və separatçılar, qondarma rejimə rəhbərlik edənlər çalışırlar ki, bu hadisələrdən faydalansınlar və öz separatçı hərəkətlərinə hüquqi don geyindirsinlər. Amma bunlar mümkün olmayan məsələlərdir. Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı dəyişməz mövqeyi var və bu mövqe beynəlxalq aləm tərəfindən qəbul olunub. Azərbaycanın ərazi bütövlüyü dünya ölkələri tərəfindən tanınır, bu qondarma rejimi isə dünyanın heç bir dövləti, hətta Ermənistan belə, cürət edərək tanıya bilməyib və bu, mümkün olası məsələ də deyil".

Xəbər lenti

Xəbər lenti