Bakı. Ləman Zeynalova - Trend:
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) daxil olması Azərbaycanın qurumun üzv ölkələri ilə əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edə bilər.
Bunu Trend-ə pakistanlı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Malik Əyyub Sumbal deyib.
Onun sözlərinə görə, Azərbaycan D-8 təşkilatına üzv olmağa layiqdir: “Çünki Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir və neft qiymətlərinin düşməsinə baxmayaraq stabil iqtisadiyyata malikdir”.
Ekspert hesab edir ki, Azərbaycanın bu təşkilata qoşulması müsbət addım olacaq.
Qeyd edək ki, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.
D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir