...

Azərbaycan deputatı Avropa Parlamentində olan sağlam qüvvələri Karampetyandan kənar durmağa çağırıb

Nəzər nöqtəsi Materials 6 Mart 2018 16:57 (UTC +04:00)
Azərbaycan deputatı Avropa Parlamentində olan sağlam qüvvələri Karampetyandan kənar durmağa çağırıb.
Azərbaycan deputatı Avropa Parlamentində olan sağlam qüvvələri Karampetyandan kənar durmağa çağırıb

Bakı. Samir Əli - Trend:

Milli Məclisin üzvü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvü Rövşən Rzayev Avropa İttifaqının üzvlərinə Brüsseldə fəaliyyət göstərən “Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası”nın rəhbəri Kaspar Karampetyan tərəfindən Avropa Parlamentində 25-26 fevral 2018-ci ildə keçirilmiş, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin əsl həqiqətlərini təhrif edən birtərəfli və qərəzli tədbirlərlə əlaqədar etirazını bildirib.

Trend-in məlumatına görə, etirazını məktub formasında çatdıran R.Rzayev Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində təşkil edilən bu tədbirlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünü, işğalçılıq və qanlı etnik təmizləmə siyasətini pərdələmək məqsədi daşıdığını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması dəvət edilmədən keçirilən tədbirlərin obyektiv müzakirədən tamamilə kənar olduğunu və yalnız erməni təbliğatına xidmət etdiyini bildirib, həmçinin Avropa Parlamentində olan sağlam qüvvələri aqressiv separatizmə, işğal və təcavüzə bəraət qazandıran bu tədbirlərdən kənar durmağa və ona qarşı öz etirazlarını bildirməyə dəvət etmişəm:

"Anti-Azərbaycan fəaliyyətinin ifşası və Azərbaycana qarşı cinayətkar əməllər törətməsi səbəbindən Baş Prokurorluq tərəfindən açılan cinayət işinə görə qorxuya düşən “Ədalət və Demokratiya naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetyan vəkili “Alter/Egaux” şirkətinin nümayəndəsi vasitəsilə mənə müraciət edərək müştərisinin şərəf və ləyaqətinin təhqir oldunduğunu bildirir və onun barəsində deyilənlərin geri götürülməsinə çağırır. Vəkil öz işi ilə məşğul olmaq əvəzinə Azərbaycan Respublikası haqqında siyasi bəyanatlarla çıxış edir".

Millət vəkili qeyd edib ki, Ermənistanın diktəsi ilə K.Karampetyan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması yönəlmiş fəaliyyətinə, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozduğuna görə Azərbaycan xalqı və dövlətindən üzr istəməli, Azərbaycan əleyhinə çirkin əməllərini dayandırmalı və onun barəsində açılmış cinayət işi çərçivəsində istintaqla əməkdaşlıq etməlidir:

"Kaspar Karampetyanın üzv olduğu Erməni İnqilabi Federasiyası - Daşnaksütun Partiyası yarandığı gündən terroru siyasi məqsədlərə nail olmaq vasitələrindən biri kimi müəyyən edib və azərbaycanlılara qarşı çoxsaylı terror əməlləri törədib. Avropa Parlamentinin Etik komitəsi Kaspar Karampetyanla sıx əməkdaşlıq edən bəzi deputatlarının fəaliyyətini, onların hansı pullar hesabına Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər etdiyini ciddi surətdə araşdırmalıdır".

R.Rzayev Avropa Parlamentində olan sağlam qüvvələri bu şəxsdən kənar durmağa çağırıb:

"Azərbaycan Respublikası vətəndaşı, millət vəkili və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvü kimi, azərbaycanlı qaçqın və məcburi köçkünlər adından Belçika məhkəməsində və ya digər hüquqi müstəvilərdə Kaspar Karampetyan və erməni lobbi dairələrinin Azərbaycan xalqına və dövlətinə qarşı törətdikləri cinayətləri faktlar və sübutlarla təqdim etməyə hazıram".

Qeyd edək ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Belçika Krallığında fəaliyyət göstərən “Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetyanın mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illər ərzində Azərbaycan Respublikasının dövlət sərhədini Ermənistan ərazisindən təkrarən qəsdən qanunsuz keçərək Xankəndi və digər yaşayış məntəqələrinə gəlməsi, qondarma “Dağlıq Qarabağ respublikası”nın beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının suverenliyinə qarşı, habelə ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr olduğundan 20 fevral 2018-ci il tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilmiş və “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti