Bakı. Ayşəm Rüstəmova - Trend:
İrana qarşı neft sanksiyaları ilə bağlı bəzi ölkələrə tətbiq edilən istisnanın uzadılmayacağına dair ABŞ prezidenti Donald Trampın qərarı dünya bazarında qara qızılın qiymətinin artmasına səbəb ola bilər.
Bunu Trend-ə iqtisadçı ekspert Rövşən Ağayev deyib.
R.Ağayevin sözlərinə görə, ABŞ-ın istisna tətbiq etdiyi ölkələr İranın neft ixracatında böyük paya malikdirlər. Söhbət Hindistan, Türkiyə, Çin, Cənubi Koreya, İtaliya, Yunanıstan, Yaponiya və Tayvandan gedir:
"Gözlənilir ki, mayın 2-də bu güzəşt başa çatacaq. Hazırda güzəşt müddətinin uzadılıb-uzadılmayacağı müzakirə olunur. Hələlik, ABŞ bu müddəti uzatmaq fikrində deyil".
Məsələ ilə bağlı bir neçə məqama diqqət yetirən iqtisadçı deyib ki, əgər neft bazarından kənarlaşdırılacaq İranı hansısa digər tədarükçü əvəzləyəcəksə, qara qızılın qiyməti stabil qalacaq:
"Səudiyyə Ərəbistanı bazardakı boşluğu doldurmağı öz üzərinə götürüb. Lakin bu, baş verməsə, yenidən neft bazarında 2007-2008-ci illərdəki qiymət artımı olacaq".
R.Ağayev hesab edir ki, qara qızıl ətrafında baş verən proseslər Azərbaycana da təsir edəcək:
"Neftin qiymətinin bahalaşması Azərbaycanın maliyyə vəsaitlərini artıracaq. Azərbaycan faktiki olaraq hər 10 dollarlıq artıma görə illik 2-2,5 milyard dollarlıq neft mənfəəti əldə edəcək".
Qeyd edək ki, ABŞ ötən ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edən zaman səkkiz ölkəyə (Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə) yarım il ərzində İran neftini almağa icazə vermişdi. Donald Tramp İrana qarşı sanksiyalarla həmin ölkələrə tətbiq edilən istisnanı maydan uzatmayacağını bəyan edib.