...

Əhmədinejad hökumətinin "iqtisadi dəyişikliklər" layihəsində qaranlıq məqamlar var

Dünya xəbərləri Materials 2 Dekabr 2008 18:07 (UTC +04:00)

İran, Tehran, 02 dekabr / , müxbir A.Namdari, T. Cəfərov/ İqtisadi dəyişikliklər layihəsində qaranlıq məqamlar və hökumətin onu seçkiqabağı həyata keçirmək niyyəti, layihənin yalnız növbəti prezident seçkilərinə hazırlıq məqsədi daşıdığını göstərir.

"Əhmədinejad hökuməti tərəfindən icra olunacaq iqtisadi dəyişikliklər layihəsində qaranlıq məqamlar var və layihədə xərclərin təmin olunması, icrası və maliyyə mənbələri haqda məlumat yoxdur",- deyə İran parlamentinin sabiq nümayəndəsi və iqtisadi məsələlər üzrə ekspert Əli Məzrui çərşənbə axşamı Trend - a məlumat verib.

Mehr xəbər agentliyinin yaydığına görə, İran prezidentinin hüquqi məsələlər üzrə müavini Məhəmmədrza Rəhimi bildirib ki, çərşənbə günü parlamentdə iqtisadi dəyişiklər layihəsi müzakirə olunacaq. Onun sözlərinə görə, iclasda prezident Mahmud Əhmədinejad da iştirak edəcək. Əhmədinejad layihəni parlamentə təqdim edəcək.

Məzrui layihənin icrasını 2009 - cu ildə İranda keçiriləcək prezident seçkilərinə hazırlıq kimi dəyərləndirir.

"İqtisadi dəyişikliklər layihəsinin icrası ölkədə qiymətlərin artmasına səbəb olacaq. Hökumət hansı məhsulların qiymətinin artacağını layihədə göstərməyib. Layihə gələcək prezident seçkilərinə hazırlıq məqsədi ilə həyata keçrilir", - Məzrui deyib.

Əhmədinejad hökuməti hazırda iqtisadi dəyişikliklər layihəsini parlamentdə təsdiq etməyə hazırlaşır. Hökumət rəsmilərinin sözlərinə görə, ölkədə aparılan sorğunun nəticəsinə görə, 63 milyon nəfər layihənin icrasını dəstəkləyib. Layihəyə əsasən, bəzi məhsullar üçün ayrılmış subsidlər əhaliyə nəğd şəkildə ödəniləcək.

"İqtisadi dəyişiklik layihəsinin icrası əhalinin alıcılıq qabiliyyətini azaldacaq və qiymətlərin artmasına səbəb olacaq", - deyə İran Parlamentinin büdcə məsələləri və proqramlaşdırma komissiyasının üzvü Məhəmməd Əli Nura bazar ertəsi Trend - a bildirib.

Onun fiklrincə, hökumət layihənin icrası ilə əhalinin alıcılıq qabiliyyətinin qorunub saxlanılmasını təmin edərsə, Parlament, şübhəsiz, layihəni təsdiqləyəcək.

"Parlament nümayəndələri əhalinin alıcılıq qabiliyyətinin azalmasından və yoxsulluğun artmasından narahatdırlar",- deyə Nura qeyd edib.

İqtisadi məsələlər üzrə ekspert Bijən Bidabadın fikrincə, indiki şəraitdə Əhmədinejad hökumətinin iqtisadi dəyişikliklər layihəsinin icrası risklidir.

"Hazırkı şəraitdə Əhmədinejad hökumətinin iqtisadi dəyişikliklər layihəsinin icrası risklidir və subsidlərin əhaliyə nəğd verilməsi gələcək prezident seçkilərinə hazırlıq məqsədilədir",- deyə İran Mərkəzi Bankının keçmiş müşaviri Bijən Bidabad telefonla Tehrandan Trend - a bildirib.

Bidabadın fikrincə, subsidlərin ləğvi məsələsi ölkədə iqtisadi sabitlik əldə edildikdən sonra həyata keçirilə bilər. "İqtisadi sabitlik yaranmamış, qurumlara ödənilən subsidlərin ləğv edilərək, əhaliyə birbaşa ödənilməsi infliasiyaya səbəb olacaq", - deyə Bidabad qeyd edib.

O əlavə edib ki, ölkədəki infliasiya hökumətin əhaliyə birbaşa ödəmək istədiyi 40 - 70 min tümən subsiddən artıq olacaq.

"İqtisadi dəyişiklik layihəsinin icrası, hökumətin gözlədiyinin əksinə olaraq, Əhmədinejada böyük zərbə olacaq. İnfliasiyanın artması və onun xoşagəlməz nəticələri hökumətə qarşı tənqidləri daha da artıracaq"-deyə Bidabad vurğulayıb.

Əhmədinejad hökuməti əhaliyə birbaşa ödəniləcək subsidlərin miqdarını 40 -70 min tümən civarında olacağını bildirib.

İranda prezident seçkiləri 2009 - cu il iyunun 12 - də keçiriləcək.

Əhmədinejad yenidən prezident seçilmək üçün öz namizədliyini irəli sürə bilər. Hələlik o, prezidentliyə namizədliyi ilə bağlı məsələyə heç bir münasibət bildirməyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti