...

Liberalizm və kapitalizm uğursuz bir sistemə çevrilib - Əhmədinejad

Dünya xəbərləri Materials 11 Mart 2009 12:09 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədinejad ECO - İqtisadi Əməkdaşlıq təşkilatının Tehranda keçirilən sammitində dünyanın güclü ölkələrinin, xüsusilə ABŞ-ın iqtisadi siyasətini tənqid edib. Bu barədə İran televiziyası məlumat yayıb.

Əhmədinejad ABŞ rəsmilərini dünyanın digər ölkələrinin iqtisadi güclərini zəiflətməkdə ittiham edib. 

Dünyada olan iqtisadi siyasəti "faydasız və ədalətsiz" adlandıran Əhmədinejad bildirib ki, dünyada yürüdülən iqtisadi siyasət dünyanın digər xalqlarının ziyanınadır.

"İqtisadi liberalizm və kapitalizm uğursuz siyasətdir. Dünyanın bəzi ölkələri bəzi güclü ölkələrin yanlış siyasətinin ziyanını çəkirlər", - deyə Əhmədinejad bildirib. O əlavə edib ki, iqtisadiyyatı dollar üzərində qurulmuş ölkələr hazırda ziyana uğrayıblar.

ECO - İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkə başçılarının sammiti çərşənbə günü Tehranda öz işinə başlayıb. Sammitdə növbəti sammitin yeri və vaxtı dəqiqləşəcək. Bundan başqa, Tehran bəyənnaməsi qəbul olunacaq və sammitin sonunda İran prezidenti çıxış edəcək.

ECO - İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası qurum kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Azərbaycan ECO-ya rəsmi olaraq 1992-cü ildə qəbul olunub. Həmin ildə Mərkəzi Asiya ölkələri də təşkilata üzv olub. Hazırda təşkilatın 10 üzvü var: Türkiyə, Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan.

Sammitdə Azərbaycan, Pakistan, Əfqanıstan, Türkiyə, Tacikistan və İraq ölkələrinin dövlət başçıları, Suriyanın vitse-prezidenti və Qətərin əmiri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti