...

ABŞ İslama qara yaxan ekstremistlərə qarşı mübarizə aparacaq - Barak Obama

Dünya xəbərləri Materials 4 İyun 2009 19:45 (UTC +04:00)

ABŞ Prezidenti Barak Obama Qahirə Universitetində çıxışı zamanı bildirib ki, müsəlmanlar və ABŞ İslama qara yaxan və onu dünyaya terrorizm kimi tanıdan ekstremistlərə qarşı mübarizədə birləşməlidir. BBC telekanalı xəbər verir.

"ABŞ Prezidenti kimi mən öz ölkəmdə İslamın yanlış başa düşülməsinə qarşı mübarizə aparacam", - deyə Obama bildirib. - Biz mədəniyyətinə, ecazkar musiqiyə, görkəmli filosof və mütəfəkkirlərinə görə İslama borcluyuq".

Onun sözlərinə əsasən, ekstremistlər müsəlmanlar və Qərb arasında əsrlər boyunca davam edən ziddiyyətlərdən istifadə etmişlər, bu isə indiki münaqişələrə gətirib çıxarıb. "Lakin onu da unutmaq olmaz ki, ABŞ heç vaxt İslam dünyası ilə mübarizə aparmayıb", Obama bildirib. 

"Müsəlmanlar ABŞ-ın imperiya olması barədə stereotipi qırmalıdır, çünki Amerika imperializmə qarşı inqilab nəticəsində yaranıb. İslam ABŞ-ın demokratik ölkəyə çevrilməsində mühüm rol oynayıb", - deyə Obama əlavə edib

Obamanın sözlərinə əsasən, bir çıxış əsrlər boyunca mövcud olan problemləri həll edə bilməz, lakin tolerantlıq, bir-birinin fikrinə qarşılıqlı hörmət olarsa, o zaman müsəlmanlarla ABŞ arasıda inam yenidən bərpa oluna bilər.

Obama müqəddəs Qurandakı  "Allaha inan və həmişə həqiqətləri danış" kəlamını söyləyərək bildirib ki, bu, müsəlmanlar və ABŞ arasındakı dialoqda çox vacibdir.

Yaxın Şərqdəki sülh prosesinə toxunan Obama bir daha müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyib və bildirib ki, İsrail bu istiqamətdə kömək etməli və yəhudi məskənlərinin tikintisini dayandırmalıdır. O, əlavə edib ki, ABŞ və İsrailin münasibətləri stabil qalacaq.

Obama HƏMAS-ı İsrailin, İsraili isə Fələstinin bir dövlət kimi mövcud olduğunu tanımağa çağırıb və bunun barışıqlar üçün vacib olduğunu bildirib.

"HƏMAS" başa düşməlidir ki, fələstinlilər qarşısında məsuliyyət daşıyır, hərbi müqavimət vasitəsilə uğur qazanmaq olmaz", - deyə Obama bildirib. - Tarix göstərib ki, hər bir müharibə barışıqla nəticələnib, biz də Fələstin-İsrail prosesində bu istiqamətdə çalışmalıyıq".

"Bu gün fələstinlilərin vəziyyəti acınacaqlıdır və "Yol xəritəsindəki" öhdəliklərə riayət olunarsa sülhə nail olmaq olar", - o bildirib.

"Dünyadakı hər bir din sülhü təbliğ edir və biz bu istiqamətdə çalışmalıyıq", - ABŞ Prezidenti deyib.

"Sünnilər və şiələr İraqda və digər müsəlman ölkələrində stabilliyin və sülhün bərqərar olunması üçün daxili dini çəkişmələri dayandırmalıdır", - deyə Obama bildirib. O, həmçinin əlavə edib ki, bütün dinlərin ümumi humanist dəyərləri ABŞ və müsəlmanlara ziddiyətləri aradan qaldırmaqda kömək edəcək.

Xəbər lenti

Xəbər lenti