...

Rusiyanın Qoldstounun hesabatına münasibəti İsrail üçün vacibdir – sabiq XİN rəhbəri

Dünya xəbərləri Materials 21 Oktyabr 2009 15:58 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurasında "Qoldstounun hesabatı"nın müzakirəsi zamanı Rusiyanın mövqeyi İsrail üçün çox vacib olacaq. Bu barədə "NEWSru.co.il" saytına müsahibəsində İsrailin sabiq XİN rəhbəri Sipi Livni Moskvaya səfəri ərəfəsində bildirib.

"Aydındır ki, "Qoldstounun hesabatı" ilə bağlı mübarizə davam edəcək və Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı mövqeyi vacibdir", - İsrail müxalifətinin lideri Livni deyib.

Yaxın günlərdə Moskvaya səfər edəcək Livni Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Onun sözlərinə görə, terrorizmlə mübarizədə bir çox dünya ölkələri eyni məxrəcdədirlər və İsrail Qəzza sektorunda apardığı "Əridilmiş qurğuşun" əməliyyatı ilə fələstinlilərlə deyil, terrorla mübarizə aparırdı.

"Kadima" partiyası rəhbərinin fikrincə, Rusiya və İsrail ümumi maraqlar tapa bilərlər, nəzərə alsaq ki, Rusiya terrorun nə olduğunu yaxşı bilir.

Rusiya BMT-nin İnsan haqları komissiyasının hakim Riçard Qoldstounun hesabatının Təhlükəsizlik Şurasında baxılmasına verilməsi qərarını dəstəkləyən ölkələr sırasında idi. Hesabatda İsrail ordusu Qəzza sektorunda dinc fələstinlilərə qarşı hərbi cinayətlərdə günahlandırılır.

"Benyamin Netanyahunun rəhbərliyi ilə İsrailin hazırkı hakimiyyəti ölkənin maraqlarını qorumaq üçün qərar qəbul etməkdən çəkinir", - 2009-cu ilin fevral seçkilərində favorit partiyalardan biri olan "Kadima"-nın rəhbəri Livni deyib.

"Bu hakimiyyət qərar qəbul etməkdən çəkinir. Onun nümayəndələri yaxşı danışa bilirlər, amma heç nə etmirlər. Belə siyasət İsrailin mövqeyini yalnız zəiflədir", - Livni deyib.

Onun sözlərinə görə, İsrail hökumətinin Mərkəzi Asiya, Latın Amerikası və Afrika ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsi ABŞ və Avropa ölkələri ilə münasibətlərə xələl gətirməməlidir.

"Bu əlaqələr nüfuzlu ölkələrlə qurulan münasibətlərlə paralel inkişaf etdirilməlidir, indiki kimi onlara zidd olaraq yox", - Livni əlavə edib.

Xəbər lenti

Xəbər lenti