...

Livan şiələrinin lideri ayətullah Hüseyn Fəzlullah 75 yaşında vəfat edib

Dünya xəbərləri Materials 4 İyul 2010 17:04 (UTC +04:00)
Bazar günü səhər uzun sürən xəstəlikdən sonra tanınmış müsəlman şiə alimi ayətullah Məhəmməd Hüseyn Fəzlullah Вeyrutdakı xəstəxanada 75 yaşında vəfat edib.
Livan şiələrinin lideri ayətullah Hüseyn Fəzlullah 75 yaşında vəfat edib

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Ü.Sadıxova/

Bazar günü səhər uzun sürən xəstəlikdən sonra tanınmış müsəlman şiə alimi ayətullah Məhəmməd Hüseyn Fəzlullah Вeyrutdakı xəstəxanada 75 yaşında vəfat edib. Bu barədə Trend-ə alimin ofisinin mətbuat xidmətindən məlumat verilib.

Ötən həftə o, Livan paytaxtındakı Bəhnamə xəstəxanasına yerləşdirilmişdi. Cümə günü xəstəxanada qaraciyər xəstəliyinin ağırlaşması üzündən onda daxili qanaxma baş vermişdi.

Livan hökuməti şiələrin dini liderinin rəsmi dəfn mərasiminin keçirilməsini elan etmək niyyətindədir.

Ayətullah Məhəmməd Hüseyn Fəzlullah Livan şiələri arasında böyük dəstəyə malik idi. O, 1982-ci ildə Livanda yaradılan İranyönlü "Hizbullah" şiə qruplaşmasının dini lideri və rəhbərlərindən biri və 1979-cu il İran İslam İnqilabının qatı tərəfdarlarından idi.

O, 1935-ci ildə əsasən şiələrin məskunlaşdırığı İraqın Nəcəf şəhərində anadan olub, 1966-cı ildə isə Livana köçüb. Fəzlullah ABŞ-ın Yaxın Şərq siyasətinin və onun İsraillə alyansının qəti əlaeyhinə idi.

1995-ci ildə Vaşinqton onun və "Hizbullah"ın baş katibinin adını terrorçuların siyahısına daxil etmişdi.

Eləcə də şiə alim İslam dünyasında özünün dini fəaliyyəti və mötədil baxışları ilə də şöhrət qazanıb.

Ərəb KİV-in məlumatına görə, Fəzlullahın nə iranlı, nə də iraqlı müəllimlərlə əlaqəsi olmayıb. Onun məşhur fitvalarından biri Məhərrəm ayının onuncu günü - imam Hüseynin şərəfinə keçirilən Aşura günündə zəncir vurmaqdan imtina edilməsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti