...

Yaponiyadakı hadisəni proqnozlaşdıran alim Qafqazda zəlzələ olacağını xəbər verir

Dünya xəbərləri Materials 17 Mart 2011 15:33 (UTC +04:00)
Yaxın vaxtlarda ABŞ-da, eləcə də Qafqazda zəlzələ baş verəcək. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq şöbəsinin Sakit okean İnstitutunun regional geologiya və tektonofizika laboratoriyasının müdiri Valeri Abramov məlumat verib.
Yaponiyadakı hadisəni proqnozlaşdıran alim Qafqazda zəlzələ olacağını xəbər verir

Yaxın vaxtlarda ABŞ-da, eləcə də Qafqazda zəlzələ baş verəcək. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq şöbəsinin Sakit okean İnstitutunun regional geologiya və tektonofizika laboratoriyasının müdiri Valeri Abramov məlumat verib.

Bir müddət əvvəl Valeri Abramov "RİA Novosti" agentliyinin müxbiri ilə söhbətində Rusiyanın Uzaq Şərq üzrə alimlərinin Yaponiyadakı hazırkı dağıdıcı zəlzələni proqnozlaşdırdıqlarını demişdi. Bu barədə məqalə hələ 1997-ci ildə "YUNESKO professor klubunun əsərləri" jurnalında dərc olunmuşdu və bu barədə ölkə hakimiyyəti Vladivostokdakı Baş konsulluq vasitəsilə məlumatlandırılmışdı.

"Şimali Amerikada seysmik aktivliyin fəallaşacağı gözlənilir. ABŞ-ın mərkəzində Kanzas və Luisvillin baş hərfləri ilə adlandırılan "KALUQ" üçbucağı var. Üçbucağın cənub hissəsində artıq faciə baş verib. İndi orada böyük qüvvədə seysmik hadisə gözlənilir. Mən təşviş yaratmamaq üçün tarix açıqlamıram... Həmçinin yaxın vaxtlarda Qafqaz da seysmik cəhətdən təhlükəli olacaq", - agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, zəlzələnin məhz nə vaxt baş verəcəyi ilə maraqlananlar REA Uzaq Şərq şöbəsinə rəsmi sorğu ilə müraciət edə bilərlər.

Abramov Qafqazda zəlzələnin nə dərəcədə güclü olacağını dəqiqləşdirməyib, lakin onun 25 min insanın ölümü ilə nəticələnən Spitak zəlzələsindən az dağıdıcı olmayacağının mümkünlüyünə işarə edib.

"Bu, təkcə mənim qənaətim deyil, Uzaq Şərq alimləri tərəfindən yaradılan "Zelus" metodikası üzrə araşdırmaların nəticəsidir. Bu metodika üzrə boşalma dövrləri, daha doğrusu bu geoloji prosesin dövrülüyü - hazırlıqlar, nüvənin fəallaşması və zəlzələ ocağının boşalması müəyyən edilir", - Abramov izah edib.

O deyib ki, həmkarları ilə birgə zəlzələni seysmik boşalma dövrlərinin proqnoz-zaman qodoqrafının köməyi ilə qabaqcadan xəbər verir. Bu üsuldan istifadə zamanı təkcə tektonik dövrlər deyil, həm də zələzələni "törədən" Günəşin və ya Ayın fəallığı şəklində "tətik" nəzərə alınır.

"Belə bir fikir mövcuddur ki, zəlzələni proqnozlaşdırmaq mümkün deyil, lakin mən belə hesab etmirəm. Seysmologiya tarixində Çində, İranda, Hindistanda, Əfqanıstanda, Türkiyədə və digər ölkələrdə zəlzələlərin uğurla proqnozlaşdırılması halları olub. Proqnozlar ilk növbədə seysmik aktivlik mexanizmlərini və seysmik statistikanın böyük bazasının olduğunu bilmək sayəsində mümkün olur", - Abramov qeyd edib.

O, zəlzələlərin səbəbi və xəbərçisi haqqında bir sıra kitabların müəllifi olduğunu əlavə edib. Eləcə də, Abramov 1998-ci ildə Lomonosov adına MDU-nun alimi Nikolay Koronovski ilə birgə yazdığı məqaləsinin dərc olunduğu Sorosov maarif jurnalının buraxılışını göstərib. Bu material da zəlzələnin proqnozlaşdırılması üsullarına həsr olunub.

Martın 11-də baş vermiş zəlzələ və sunamidən sonra Yaponiyanın "Fukusima-1" və "Fukusima-2" AES-də soyutma sistemlərinin sıradan çıxması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Şənbə günü, bazar ertəsi və çərşənbə axşamı "Fukusima-1"-də müvafiq olaraq birinci, ikinci və üçüncü reaktorlarda partlayışlar, daha sonra dördüncü enerji blokunda da yanğınlar baş verib.

Xəbər lenti

Xəbər lenti