Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Cəfərov/
Bu gün səhər İranın Fars əyalətinin Pir şəhəri yaxınlığında 5,3 və 4 maqnitudalı iki zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir.
Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 06:22-də, ikincinin isə saat 06:40-da baş verdiyini bildirib. Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Məlumata əsasən, ötən gecə yerli vaxtla saat 23:38-də İranın Xorasan Rəzəvi əyalətinin Sultanabad şəhəri yaxınlığında 3,6 maqnitudalı və bu gün səhər yerli vaxtla saat 04:28-də Hörmuzqan əyalətinin Hendorabi adası yaxınlığında 3,9 maqnitudalı zəlzələlər baş verib.
Ümumiyyətlə, İranda zəlzələlər tez-tez baş verir. Ötən il İranın Fars əyalətinin Ərdəkan (Sepidan) şəhərində Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində Fars əyalətinin 17 kəndində evlər dağılmışdı.