Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəylə nəticələndi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Həmin vaxt Moskvada yaşayan xalqımızın dəyərli oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək, bu qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. O, xalqımızın başına gətirilən faciəni dünya ictimaiyyətinə çatdırdı.
Bu gün sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 23 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur və hər il 10 minlərlə insan qəhrəman övladlarının uyuduğu Şəhidlər Xiyabanını ziyarət edir. Hər li olduğu kimi, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nın kollektivi bu il də Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad etdərək ŞƏHİDLƏR XİYABANInda oldular. Hadisə nəticəsində qətlə yetirilən 137 nəfər igid Azərbaycan övladının ruhuna dualar oxundu.
Direktorlar Şurasının tapşırığına əsasən anım tədbirləri təkcə respublikamızda deyil, Korporasiyanın Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkiyə, Ukraynada və Almaniyada olan törəmə şirkət və nümayəndəliklərində də təşkil edildi və şəhidlərin xatirəsi dərin ehtiramla anıldı.