Azərbaycan, Bakı, 10 may /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/
İranda Üçlər İttifaqının üzvlərindən biri olan Parlamentinin sabiq spikeri Qulaməli Həddad-Adil ölkə prezidentliyinə namizəd qismində qeydiyyatdan keçib. Bu barədə Trend cümə günü "Mehr" agentliyinə istinadən məlumat verir.
Həddad-Adil filosof, siyasətçi və İran parlamentinin sabiq spikeridir. O, İranda milli elmi olimpiadanın keçirilməsinə dəstək verib. Həddad-Adil hazırda Fars Dili və Ədəbiyyatı Akademiyasının, Ali Mədəni İnqilab Şurasının və Məsləhət Şurasının üzvüdür.
Həddad-Adilin qızı ali dini lider Ayətullah Əli Xamneyinin oğlunun həyat yoldaşıdır.
Bir neçə ay əvvəl Üçlər İttifaqını yaradan zaman onun üzvləri qarşıdakı prezident seçkilərində bir namizədi dəstəkləyəcəklərini bildirmişdilər.
Qeyd edək ki, mayın 7-dən etibarən ölkədə namizədlərin prezident seçkilərində rəsmi qeydiyyatdan keçməsinə başlanılıb.
Qeydiyyat prosesi mayın 11-dək davam edəcək.
İranda 11-ci prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.
Ölkədə prezident 4 il müddətinə seçilir.