Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
Vyanada "5+1" ölkələri ilə İran arasında nüvə danışıqlarının davam etdiyi bir vaxtda Prezident Həsən Ruhani Qərb ölkələrini müzakirələri yekunlaşdırmaqla bağlı qərarsızlıqda ittiham edib. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.
O, qeyd edib ki, nüvə danışıqlarında hərtərəfli razılıq əldə etmək mümkündür: "Lakin, ola bilsin, qarşı tərəf ("5+1" ölkələri - red.) iddia etdiyinin əksinə olaraq, bunun üçün ciddi qərar və iradəyə sahib deyil. Onlar tamahkarlıqdan əl çəkməli və bilməlidirlər ki, razılığın əldə olunması xalqların, regionun və dünyanın xeyrinədir".
İran Prezidenti ölkəsinin qərar qəbul etmək, məsuliyyəti üzərinə götürmək və hədəfə çatmaq üçün müxtəlif zəruri yolları seçmək cəsarətinə sahib olduğunu vurğulayıb.
H.Ruhani deyib ki, İran xalqı və ali lider nüvə danışıqlarında iştirak edən İran rəsmilərini dəstəkləyir: "İran nüvə danışıqlarında xalqın hüquqlarının qorunması, mənafeyinin təmini, eləcə də ölkənin müstəqilliyinə zamin ola biləcək razılaşma əldə etmək niyyətindədir".
İran və "5+1" ölkələri arasında Vyanada keçirilən müzakirələr artıq 3-cü gündür davam edir. Bundaan öncəki danışıqların nəticəsinə görə hərtərəfli razılığın əldə olunması üçün ayrılmış vaxt noyabrın 24-də başa çatır.
Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Toni Blinken demişdi ki, nüvə danışıqlarında razılığın əldə olunması ilə bağlı məsuliyyət ABŞ-dan daha çox İranın üzərinə düşür.