Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Təmkin Cəfərov/
İranın Cənubi Xorasan əyalətinin Kuhistan şəhərindəki şəkər zavodunun işçiləri etiraz aksiyası keçiriblər. 280 işçi 8 aydır gecikən maaşlarını tələb edir. Bu barədə Trend ILNA agentliyinə istinadən məlumat verir.
Zavod artıq 2014-cü ilin oktyabrında bağlanıb. Müəssisənin bağlanmasına quraqlıq üzündən xammalın əldə olunmaması və likvidliyin təmin edilməməsi səbəb olub.
Zavodun işçiləri cari ilin əvvəlindən (İranda il martın 21-də dəyişir) müəssisənin bağlandığı günə qədər (8 ay) əməkhaqqı almayıblar və hazırda öz maaşlarını tələb edirlər.
Qeyd edək ki, Kuhistan şəhərindəki şəkər zavodu 53 ildir ki fəaliyyət göstərirdi.