...

Çin növbəti kosmonavt qrupunu orbitə göndərib

Dünya xəbərləri Materials 5 İyun 2022 08:31 (UTC +04:00)
Çin növbəti kosmonavt qrupunu orbitə göndərib

Bakı. Trend:

Çinin kosmik stansiyasının quraşdırılması üçün növbəti missiya olan “Şencou-14”ə (“Shenzhou-14”) start verilib.

Trend "Sinxua" agentliyinə istinadla xəbər verir ki, kosmik gəmini orbitə çıxaran “Böyük yürüş-2F” (Long March-2F) raketdaşıyıcısının buraxılışı yerli vaxtla iyunun 5-də saat 10:44-də Qobi səhrasındakı Ciuçüan kosmodromunda baş tutub. “Şencou-14” gəmisində kosmonavtlar Çen Don (heyətin komandiri), Lyu Yan və Çay Suce orbitə göndərilib.

Bu, Çinin orbitə göndərdiyi 9-cu, ölkənin kosmik stansiyasının quraşdırılması üçün isə 3-cü insan missiyasıdır. Kosmonavtların “Şencou-13” missiyasındakı həmkarları kimi kosmosda təxminən 6 ay qalması nəzərdə tutulur.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi, heyətin yaşayış yeri və iki laboratoriya kapsullarından ibarət olacaq. Ümumi çəkisi 70 ton təşkil edəcək və quraşdırılması cari ilin sonunda başa çatacaq stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların üçündə stansiyanın modullarının, dördündə yük gəmilərinin, digər dördündə isə kosmonavtların uçuşu nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti