Bakı. Trend:
İsrail hökumətinə və onun məhkəmə islahatları planına qarşı şənbə gecəsi keçirilən etiraz aksiyalarının təşkilatçıları aksiyada 500 minə yaxın insanın iştirak etdiyini bildiriblər.
Trend "İnterfax"a istinadən xəbər verir ki, lakin KİV-lər müxtəlif rəqəmlər verir.
Belə ki, "Times of Israel" təxminən 300 min etirazçının, "Jerusalem Post" isə təxminən 250 min nəfərin iştirak etdiyini qeyd edir.
Eyni zamanda, qeyd olunur ki, təkcə Təl-Əvivdə 200 minə yaxın nümayişçi toplaşıb. Böyük aksiyalar İsrailin digər şəhərlərində də keçirilib.
Nümayişçilər son həftələr mütəmadi olaraq hakim sağçı koalisiyanın məhkəmə sistemində islahatlar planına etiraz edirlər. İsrail müxalifəti hesab edir ki, islahat məhkəmə sistemini və onun hökumət və parlamentin hərəkətlərinə nəzarət etmək imkanlarını zəiflədəcək.
Eyni zamanda, Benyamin Netanyahunun rəhbərlik etdiyi hakim koalisiya hələlik islahat layihəsindən imtina etmək istəmir və bazar günü onun Knesset tərəfindən təsdiqlənməsi üzərində işləməyə davam etməyi planlaşdırır.