Bakı. Trend:
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan yaxın günlərdə Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır. Burada o, həmçinin Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarları ilə görüşlər keçirəcək.
Trend-in məlumatına görə, bu barədə C.Sallivan Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunda çıxışı zamanı deyib.
C.Sallivan qeyd edib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası İsrail, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın daxil olduğu "I2U2" qrupu çərçivəsində əməkdaşlığı artırmağa hazırlaşır.
"Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşmək üçün bu həftə sonu orada olacağam. Hindistandan və BƏƏ-dən olan həmkarlarım da görüşlər üçün Səudiyyə Ərəbistanına gələcək ki, biz Yeni Dehli ilə Körfəz, eləcə də ABŞ və regionun qalan ölkələri ilə əməkdaşlığın yeni sahələrini müzakirə edə bilək", - deyə C.Sallivan bildirib.