Bakı. Trend:
“Tesla” avtomobil istehsalçısının Baş direktoru İlon Mask kompaniyanın strategiyasındakı dəyişikliklə əlaqədar Hindistanda elektromobil zavodunun tikintisi planlarını müzakirə etmək üçün bu ölkəyə səfərini 2024-cü ilin sonunadək təxirə salıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, elektromobil istehsalçısı yaxın gələcəkdə Hindistan və Meksikadakı zavodlara sərmayə qoymaq əvəzinə, 2024-cü ilin sonunadək yeni və daha sərfəli elektrik avtomobilləri istehsal etmək niyyətindədir.
Həmçinin “Tesla” yeni istehsal xətlərini nəzərdən keçirmədən öncə elektromobil istehsalını 50 faiz artıraraq, 3 milyona çatdırmağı düşünür.
Bir müddət öncə İ.Mask aprelin 21-22-də Hindistana planlaşdırılan səfərini təxirə saldığını bildirmişdi. O, Dehlidə Baş nazir Narendra Modi ilə Hindistanda Starlink rabitə sisteminin işə salınmasının sürətləndirilməsini, ölkəyə 2 milyard dollarlıq sərmayə qoyuluşunu və elektromobillərin birgə istehsalı üçün zavod tikilməsini müzakirə etməli idi.
Qeyd edək ki, 2023-cü ildə İ.Maskın Hindistan hökumətinə göndərdiyi investisiya təklifi ildə 500 min elektromobil istehsal edəcək müəssisənin tikintisini və məhsulların üçüncü ölkələrə ixracını nəzərdə tuturdu.