Bakı. Trend:
Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası öz işinə başlayıb.
Trend xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.
Qeyd olunub ki, Qırğızıstan prezidenti Sadır Japarov iclas iştirakçıları ilə görüşüb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbir çərçivəsində MDB ölkələrində vəziyyətin destabilizasiyası və konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi üzrə xaricdə döyüş hazırlığı və təcrübə keçmiş şəxslərin aşkarlanması və qarşısının alınması üzrə birgə tədbirlər müəyyən ediləcək.
"Tədbir iştirakçıları terrorizm və dini ekstremizmlə mübarizə sahəsində, o cümlədən terrorizmlə mübarizə üzrə beynəlxalq məlumat bankı çərçivəsində məlumat mübadiləsinin təkmilləşdirilməsi yollarını müəyyənləşdirəcək. Birliyin Antiterror Mərkəzi tərəfindən MDB-nin terrorizmlə və ekstremizmin digər təzahürləri ilə mübarizə üzrə 2023-2025-ci illər üçün əməkdaşlıq proqramının 2023-cü ildə icrasının yekunlarına dair hesabat Şura üzvlərinə təqdim olunacaq", - Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.