...

Fransada Milli Assambleya prezident Emmanuel Makronun impiçmenti ilə bağlı qətnaməni müzakirə edəcək

Dünya xəbərləri Materials 17 Sentyabr 2024 03:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 18-də Fransa Milli Assambleyası, parlamentin aşağı palatası, solçu "İtaətsiz Fransa" partiyasının irəli sürdüyü prezident Emmanuel Makronun impiçmenti barədə qətnaməni müzakirə edəcək.

Trend-in xarici mənbələrə istinadən verdiyi məlumata görə, bu təşəbbüs, solçuların koalisiyasının parlament seçkilərində uğur qazanmasına baxmayaraq, Makronun onları yeni hökumətə daxil etməməsi ilə əlaqədar ortaya çıxıb.

Qətnamə Fransa Konstitusiyasının 68-ci maddəsinə əsaslanır və prezidentin vəzifələrini pozduğu halda onun ali postdan uzaqlaşdırılmasını nəzərdə tutur. "Yeni Xalq Cəbhəsi" blokundan 81 deputat, o cümlədən "Ram edilməz Fransa" partiyasının 72 nümayəndəsi, eləcə də "Yaşıllar" və "Sol Demokratlar və Respublikaçılar" qrupundan bir neçə deputat bu sənədi dəstəkləyib.

Qətnamənin qəbulu barədə qərarı aşağı palatanın ən yüksək kollegial orqanı olan 22 üzvdən ibarət Büro verəcək. Lakin sosialistlər "Ram edilməz Fransa" partiyasının qurucusu Jan-Lük Melanşonun təşəbbüsünü dəstəkləməkdən imtina ediblər. Eks-prezident və deputat Fransua Olland və "Yaşıllar"ın lideri Marin Tondelye də buna qarşı çıxıblar.

Qətnamə Bürodakı mərhələdən keçərsə, 73 deputatdan ibarət qanunvericilik komitəsində təsdiqlənməlidir. Sonra isə Milli Assambleyada üçdə ikilik səs çoxluğu (385 deputat) tələb olunacaq.

Prosedur Senatda da davam edəcək və əgər burada da qəbul edilərsə (232 səs), hər iki palata birgə iclas keçirəcək. Qətnamənin keçməsi üçün ümumi iclasda 925 parlamentaridən 617-si onu dəstəkləməlidir. Bu halda, prezident dərhal vəzifəsindən uzaqlaşdırılacaq.

Bu ayın əvvəlində Parisin Bastiliya meydanında minlərlə etirazçı Makronun siyasətinə qarşı çıxıb və onun istefasını tələb edib.

Xəbər lenti

Xəbər lenti