Bakı. Trend:
Sudanın şərqində, Əl-Qəzirə əyalətinin Əl-Sireha kəndində Çevik Reaksiya Qüvvələrinin (RRF) silahlı hücumu nəticəsində azı 124 nəfər həlak olub, təxminən yüz nəfər isə yaralanıb.
Trend “Reuters” agentliyinə istinadən xəbər verir ki, hücum haqqında məlumat Vad-Medani şəhərinin Müqavimət Komitəsi tərəfindən açıqlanıb. Bildirilib ki, kəndə edilən hücum üsyançıların bu bölgədən olan komandiri Abuaqla Keykalın Sudan ordusuna qoşulmasına qisas olaraq həyata keçirilib.
Qeyd edək ki, 2023-cü ilin aprel ayında general Məhəmməd Həmdan Dağlonun başçılığı altında RRF Sudan hökuməti və ordu ilə silahlı qarşıdurmaya başlayıb.Bu münaqişə nəticəsində 11 milyondan çox insan evlərini tərk etməyə məcbur olub və ölkənin bəzi ərazilərində ciddi aclıq hökm sürür.
ABŞ və digər ölkələr RRF-ni insanlıq əleyhinə cinayətlər və Qərbi Darfurda etnik təmizləmələr də daxil olmaqla müharibə cinayətlərində ittiham edir.