Bakı. Trend:
Boliviyanın keçmiş prezidenti Evo Morales tərəfdarları Koçabamba departamentində üç hərbi obyekti ələ keçiriblər.
Trend-in məlumatına görə, bu barədə Boliviya prezidenti Luis Arse deyib.
"Boliviya xalqının və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq ki, Evo Moralesə yaxın silahlı qruplar Koçabambada üç hərbi obyektə basqın edərək hərbçiləri və onların qohumlarını girov saxlayır, onları zorakılıqla hədələyirlər", - deyə o "Telegram" kanalında yazıb.
L.Arse qeyd edib ki, hərbi obyektlərin ələ keçirilməsi "dünyanın istənilən yerində dövlətə xəyanət və konstitusiya quruluşuna hücum kimi qiymətləndirilir". "Biz demokratik yolla seçilən hökumət olaraq konstitusiya səlahiyyətlərimiz çərçivəsində və əhalinin dəstəyi ilə ictimai asayişin bərpası istiqamətində fəaliyyətimizi davam etdirəcəyik", - deyə o əlavə edib.