Bakı. Trend:
Qərbi Azərbaycan ərazisində xalqımıza aid 600 qəbirstanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları hələlik salamatdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxış edən Qərbi Azərbaycan Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli deyib.
O qeyd edib ki, həmin ərazilərdəki üç qəbirstanlığın araşdırılması üçün hazırda iş aparılır.
“Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir.
Qərbi Azərbaycanda bizim qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib. 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilir.
Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap təzədir – 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir.
Onların hamısı ilə əlaqədar xüsusi materiallar hazırlanmalı, dünyaya təqdim edilməlidir. Bu vandalizmdə təkcə Ermənistan deyil, ona havadarlıq edən, Azərbaycanafob siyasət yürüdən dövlətlər də günahkardır”, - deputat əlavə edib.