Bakı. Trend:
Xaçmazda 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlardan və görülən işlərdən danışıb.
Aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsi üçün mühüm layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Xaçmaz rayonunda da kənd təsərrüfatının inkişafı sahəsində mühüm tədbirlərin həyata keçirildiyi, görülən işlərin nəticəsi olaraq intensiv meyvə bağlarının artırıldığı, yeni aqroparkların yaradıldığı diqqətə çatdırılıb.
Kənd təsərrüfatı işçiləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd təsərrüfatı sahəsində çalışan bir qrup fəal şəxsləri fəxri fərmanla mükafatlandırıb.