...

AMB COP29-da vahid taksonomiya prinsipini təqdim etməyi planlaşdırır

Yaşıl iqtisadiyyat Materials 1 Noyabr 2024 12:09 (UTC +04:00)
AMB COP29-da vahid taksonomiya prinsipini təqdim etməyi planlaşdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) vahid taksonomiya prinsipini təqdim etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə uçot dərəcəsinin müzakirəsinə həsr olunmuş mətbuat konfransında bildirib.

Ş.Mahmudzadə bildirib ki, son mərhələdə taksonomiya ilə bağlı ictimai məsləhətləşmələr aparılıb.

“Məsləhətləşmələrdə yerli və beynəlxalq təşkilatlar, dövlət və özəl qurumlar da daxil olmaqla, təxminən 200 maraqlı tərəf iştirak edib. İki təşkilat öz əhəmiyyəti ilə seçilir. Bizim yerli taksonomiyamız artıq iqtisadi kontekstdədir və onu 3 istiqamətdə təqdim etməyi planlaşdırırıq”, — baş direktor deyib.

Beynəlxalq taksonomiyalara uyğunlaşma və koordinasiya məsələsinə gəldikdə isə, Ş.Mahmudzadə qeyd edib ki, bu sahədə iki beynəlxalq təşkilatla birlikdə iş aparılıb.

“Bunlardan biri davamlı maliyyələşdirmə və bankçılıq şəbəkəsidir, digəri isə davamlı maliyyələşdirmə üzrə beynəlxalq platformadır. Bu iki təşkilat 110-dan çox ölkəni əhatə edir və bildirmək istərdim ki, artıq bütün ölkələrlə razılaşmalara nail olmuşuq, razılaşdırma prosesi isə davam edir. Birlikdə təqdim edəcəyimiz vahid taksonomiya prinsipini COP29-da təqdim etməyi planlaşdırırıq”, — o əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti