Bakı. Trend:
Türkiyənin Bolu vilayətində yerləşən “Kartalkaya” dağ-xizək kurortundakı mehmanxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 66 nəfərə, yaralananların sayı isə 51 nəfərə çatıb.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
"Təəssüf ki, bu səhər Bolu Kartalkayada bu mehmanxanada baş verən yanğında 66 nəfər həyatını itirdi, 51 nəfər yaralandı. Yanğın artıq söndürülüb və soyutma işləri davam edir. AFAD və yanğınsöndürmə qrupları tərəfindən soyutma işləri tamamlanan yerlərdə otaq-otaq axtarışlar nəticəsində indiyədək 66 nəfərin cəsədi aşkarlanıb", - o bildirib.
Qeyd edək ki, yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində 11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbər olunub.
Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlum olmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədən başladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.
Yanğınla əlaqədar istintaq başlanılıb.
Xatırladaq ki, daha öncə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirmişdi ki, Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya dağ-xizək kurortundakı mehmanxanada baş verən yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.