Bakı. Trend:
Kriptovalyuta sənayesinin aparıcı şirkətləri ABŞ-ın keçmiş və hazırkı prezidenti Donald Trampın inauqurasiya komitəsinə böyük məbləğdə ianələr edib.
Trend xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Coinbase Inc, Crypto.com, Galaxy Digital, Paradigm Operations və Payward Inc hər biri Trampa 1 milyon dollar, Robinhood Markets isə 2 milyon dollar məbləğində vəsait köçürüb.
Qeyd olunur ki, əvvəlki illərdə Tramp kriptovalyutalara skeptik yanaşsa da, sonradan mövqeyini dəyişib. Ağ Evə qayıtdıqdan sonra o, ABŞ-ı "planetin kriptovalyuta paytaxtı" elan edən sərəncam imzalayıb və investor David Sachs-ı administrasiyanın süni intellekt və kriptovalyutalar sahəsində siyasətinə rəhbər təyin edib.
İanəçilər sırasında təkcə kriptovalyuta şirkətləri deyil, həm də nəhəng transmilli korporasiyalar var. Chevron neft-qaz şirkəti Trampın inauqurasiyası üçün 2 milyon dollar ayırıb ki, bu da onun 2017-ci ildəki 525 min dollarlıq ianəsindən xeyli yüksəkdir.
Bundan əlavə, Trampın inauqurasiya komitəsinə Amazon, OpenAI, Meta Corporation, Goldman Sachs Group, Johnson & Johnson və Bayer Corporation kimi dünya nəhəngləri də vəsait köçürüb.
Ümumilikdə, Tramp bu dəfəki inauqurasiya mərasimi üçün rekord məbləğdə – 250 milyon dollar vəsait toplayıb.