Bakı. Trend:
Ukrayna Müdafiə Nazirliyi Kosmik Siyasət İdarəsi yaradıb.
Trend xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin rəqəmsallaşma üzrə müavini Yekaterina Çernoqorenko "Space For Ukraine" beynəlxalq forumunda məlumat verib.
Çernoqorenko bildirib ki, bu idarə hərbi kosmik texnologiyalar (peyk və raketlər) sahəsində tərtibatçılarla əməkdaşlıq edəcək, müvafiq sərəncamları yerinə yetirəcək və bu sahədə dövlət siyasətini formalaşdıracaq. Nazir müavini qeyd edib ki, müdafiə nazirliyi kosmik həllərin inteqratoru olmaq və texniki spesifikasiyalar hazırlamaq üçün təcrübəyə sahib olmalıdır.
Eyni zamanda, o, Ukrayna ordusunda yeni qoşun növünün yaradılması ilə bağlı da fikirlərini bölüşüb. Çernoqorenko vurğulayıb ki, Ukrayna kosmik qüvvələrin yaradılması istiqamətində irəliləyir və bu cür qoşun növünü inkişaf etdirən tərəfdaş ölkələrin təcrübəsini nəzərə alaraq, bu bacarığı öz ordusuna da qazandırmalıdır.
Nazir müavini əlavə edib ki, 2030-cu ilə qədər Ukrayna müdafiə məqsədləri üçün milli peyklərə, hava hücumundan xəbərdarlıq və kosmosa nəzarət sisteminə sahib olmağı planlaşdırır.