Daşkənd. Trend:
“Özbəkistan – 2030” strategiyamızda biz parlament institutunun inkişafını bir vacib vəzifə kimi aydın şəkildə təsbit etmişik.
Trend-in məlumatına görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında çıxışı zamanı bildirib.
O xatırladıb ki, son illər ərzində cəmiyyət və dövlət həyatında qanunverici hakimiyyətin rolunun gücləndirilməsinə yönəlmiş 20-dən artıq qanun qəbul edilib.
Prezident xüsusilə 2023-cü ildə qəbul edilmiş yeni Konstitusiyaya diqqət çəkib.
“Ümumxalq referendumunda qəbul olunmuş yeni Konstitusiya parlamentin səlahiyyətlərini köklü şəkildə genişləndirdi”, – deyə o qeyd edib. Dövlət başçısının sözlərinə görə, Qanunverici Palatanın müstəsna səlahiyyətlərinin sayı 5-dən 12-yə, Senatın isə 14-dən 18-ə çatdırılıb. Bundan əlavə, parlament üzvlərinə məhkəmə, anti-korrupsiya və anti-inhisar orqanlarının formalaşdırılması ilə bağlı səlahiyyətlər də verilib.
“Parlamentin hökumətin formalaşdırılmasında iştirakı, eləcə də hüquq-mühafizə orqanları üzərində nəzarət mexanizmləri daha da gücləndirilib”,- deyə Mirziyoyev vurğulayıb.
Özbəkistan lideri eyni zamanda, ölkəsinin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyindən də söz açıb:
“Bu gün nümayəndə orqanlarımız Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, vətəndaş cəmiyyəti institutlarını dəstəkləmək, sosial müdafiəni və yoxsulluğun azaldılmasını təmin etmək, gender bərabərliyini möhkəmləndirmək və korrupsiyaya qarşı mübarizə sahəsində böyük məsuliyyət üzərinə götürüb”.