Bakı. Trend:
"ChatGPT"nin yaradıcısı olan "OpenAI" texnologiya dünyasında rezonans doğura biləcək mümkün bir addımı nəzərdən keçirir – şirkət "Google"un məşhur "Chrome" brauzerini almaqda maraqlıdır.
Trend-in "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, "OpenAI"nin "ChatGPT" üzrə rəhbərlərindən biri Nik Tarli bu barədə açıqlama verib.
“Bəli, bir çoxları kimi biz də maraqlı olardıq”, – deyə Tarli bildirib.
Onun sözlərinə görə, hazırda "ChatGPT" "Chrome" üçün genişlənmə (extension) vasitəsilə əlçatandır. Lakin "OpenAI" brauzeri əldə edərsə, chatbot funksiyası "Chrome"a daha dərin səviyyədə inteqrasiya oluna bilər.
Qeyd edək ki, bu məlumat ABŞ Ədliyyə Departamentinin "Google"a qarşı inhisarçılıq ittihamları ilə bağlı iddiaları fonunda yayılıb. Departament şirkətin "Chrome2 brauzeri və axtarış sistemi vasitəsilə rəqiblərə maneələr yaratdığını irəli sürür və "Google"un brauzerə sahibliyindən imtina etməsini tələb edir.
2024-cü il avqustun 5-də Kolumbiya Dairəsinin federal məhkəməsi "Google"un axtarış və reklam bazarında inhisar gücündən sui-istifadə etdiyinə dair qərar çıxarıb. Bu da texnologiya nəhənginin platformalarını rəqiblər üçün əlçatmaz etməsi ilə bağlı ittihamları gücləndirib.
"OpenAI"nin belə bir marağının reallığa çevrilib-çevrilməyəcəyi hələlik məlum olmasa da, bu mövzu texnologiya sektorunun diqqət mərkəzindədir.