Bakı. Trend:
Prezident Vladimir Putin 2026-cı ildə səfərbərlik üzrə ehtiyatda olan şəxslərin xüsusi toplanışlara cəlb edilməsi barədə qərar qəbul edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Dövlət başçısının fərmanına əsasən, onlar strateji əhəmiyyətli kritik obyektlərin mühafizəsinə təhkim olunacaqlar.
Putin mühüm obyektlərin mühafizəsi məqsədilə ehtiyatda olanların toplanışları haqqında qanunu noyabr ayında imzalayıb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında bildiriblər ki, söhbət, o cümlədən, energetika və nəqliyyat obyektlərindən gedir.
Üç nəfərdən ibarət mobil qrupların- sürücü, pulemyotçu və lokatorlara qoşulmuş ekipaj rəisi — yaradılmasının planlaşdırıldığı da qeyd olunub. “Mash” nəşri yazır ki, Rusiyada enerji obyektlərinin mühafizəsinə cəlb olunan ehtiyatçıların sayı beş min nəfərə çatıb. İlkin mərhələdə könüllülər arasında əsasən güc strukturlarında iş təcrübəsi olan kişilər üstünlük təşkil edirdi, lakin sonradan adi vətəndaşlar da bu prosesə qoşulublar.
Qeyd edək ki, hökumət mühafizə olunmalı obyektlərin siyahısını müəyyən etməlidir. Nazirliyinin xüsusi toplanışların keçirilməsini təmin edəcək hərbi hissələrin siyahısını müəyyən edəcəyi hissədə “xidməti istifadə üçün” qeydi olan altbənd mövcuddur.
