Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasının 2026-cı ilin yanvar ayı üçün iş planı açıqlanıb.
Trend bu barədə BMT-nin rəsmi saytına istinadən xəbər verir.
Təhlükəsizlik Şurasının 2734 (2024) saylı, 10 iyun 2024-cü il tarixli qətnaməsinin 109-cu bəndinə əsasən, BMT-nin Baş katibi İŞİD və Əl-Qaidə ilə bağlı beynəlxalq təhlükələrə dair strateji səviyyəli hesabat təqdim etməlidir.
Hesabat aşağıdakı mövzuları əhatə edəcək:
- Xarici terrorçuların İŞİD və əlaqəli qruplara qoşulması, digər ölkələrə hərəkəti və geri qayıtması;
- Bu təşkilatların maliyyələşmə mənbələri, o cümlədən neft, artefaktlar və digər təbii resursların qanunsuz ticarəti;
- Planlaşdırılan və həyata keçirilən terror aktları, eləcə də bu qruplara göstərilən dəstək;
- BMT-nin üzv dövlətlərə göstərdiyi texniki və əməliyyat dəstəyi və onun effektivliyi.
Hesabat BMT-nin Terrorla Mübarizə İcra Direktorluğu (CTED), Monitorinq Qrupu, UNOCT və digər müvafiq qurumların iştirakı ilə hazırlanacaq. Təhlükə qiymətləndirilməsinə dair təhlil Monitorinq Qrupunun son yarımillik hesabatı ilə təqdim olunacaq.
Strateji hesabatın 2026-cı ilin yanvar ayının sonunadək təqdim olunması planlaşdırılır.
