Bakı. Trend:
Qrenlandiya ətrafında qlobal müzakirələrin genişlənməsi fonunda Fransa hökuməti fevralın 6-da Danimarkanın muxtar bölgəsində konsulluq açacağını elan edib.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın XİN rəhbəri Jan-Noel Barro yerli telekanallardan birinin efirində elan edib.
Barro bu addımı Qrenlandiyada mövcudluğu gücləndirmək səylərindən xəbər verən siyasi siqnal kimi dəyərləndirib. Fransalı ali diplomat ölkəsinin Danimarkanı tam dəstəklədiyini və Amerikanın “şantajlarına son qoyulmalı olduğunu” bildirib.
Yanvar ayında daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton bu və ya digər yolla Qrenlandiya üzərində nəzarəti əldə edəcək. “Əgər bunu mehriban şəkildə həyata keçirmək mümkün olsa, əla. Əgər yox, deməli biz bunu daha sərt üsulla edəcəyik”, – deyə o bildirmişdi.
