Bakı. Trend:
Kamçatkada alimlər Klyuçevskaya Sopka vulkanının aktivliyinin artdığını qeydə alıblar. Vulkanın üzərindən güclü qaz şleyfi müşahidə olunur.
Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutundan bildirilib.
İnstitutun məlumatına görə, Landsat-9 peykindən əldə edilən yaxın infraqırmızı spektr kanalları üzrə görüntülərdə vulkanın kraterində termal anomaliya müşahidə edilib. Bundan əlavə, vulkandan intensiv qaz şleyfi yayılır.
Alimlər qeyd ediblər ki, bu iki amil vulkanın aktivliyinin artdığını göstərir.
Klyuçevskaya Sopkası Avrasiyanın ən hündür fəal vulkanıdır. Vulkan diametri təxminən 700 metr olan zirvə krateri ilə düzgün konus formasına malikdir. Onun yamaclarında 80-ə yaxın yan püskürmə krateri və şlak konusları yerləşir.