İran prezidenti Mahmud Əhmədinejad İrana qarşı hərbi əməliyyatların aparılacağına inanmır. Onun sözlərinə görə, bu, hücum edənlərin özləri üçün "çox təhlükəli " ola bilər. "Onlar hətta hərbi əməliyyatlar barədə danımağa cəsarət etmirlər. Çünki onlar bunun nə qədər zərər gətirəcəyini bilirlər ", - deyə İran prezidenti Tehranda keçirilən mətbuat konfransında bildirib. "Əgər onlar səhv buraxsalar, vəziyyət onların özləri üçün pisləşəcək ", - deyə M.Əhmədinejad əlavə edib. "İrana qarşı istənilən hərbi əməliyyat təcavüzə başlayan ölkələrdə sosial-iqtisadi vəziyyətin bərbad hala düşməsinə gətirib çıxaracaq ", - deyə İranın siyasi lideri bildirib.
Mətbuat konfransında prezident bir daha İranın nüvə texnologiyasının istisnasız olaraq dinc məqsədlər üçün işlədiyini qeyd edib. Onun sözlərinə görə, İran tərkibində uran -235 izotopunun 5%-dən artıq olmayan (izotopun belə tərkibi nüvə silahının hazırlanması üçün zəruridir) zənginləşdirilmiş uran üzrə sınaqlar keçirmək niyyətində deyil. İran prezidenti qeyd edib ki, tədqiqat yalnız 3,5 faizlik zənginləşdirilmiş uranın alınması məqsədi daşıyır ki, bu da nüvə yanacağının istehsalı üçün zəruridir. "İrana atom stansiyaları üçün yanacaq lazımdır. Bütün proqram nüvə yanacağının alınmasına yönəlib, vəssalam ", - deyə sonda prezident bildirib. Bu barədə Irna agentliyi məlumat yayıb.