Yaxın vaxtlarda Türkmənistan Rusiyaya təbii qazın tədarükü haqqında müqavilə imzalamağı planlaşdırır.
"İnterfaks-Ukraina"nın xəbər verdiyi kimi, bu barədə Türkmənistan prezidenti Saparmurat Niyazov məlumat verib.
"Bu günlərdə Rusiya nümayəndə heyəti türkmən qazının tədarükü haqqında müqavilə imzalamaq üçün Türkmənistana gələcək", - deyə prezident milli televiziyada çıxışında bildirib.
"Düşünürəm ki, biz qiymət və həcm barədə razılığa gələcək və saziş imzalayacağıq. Bu, iri müqavilə olacaq", - deyə S.Niyazov vurğulayıb.
Trend in "pravda.com.ua"-yə istinadən xəbər verdiyi kimi, RF əvvəlki kimi Türkmənistanın təbii qazının əsas alıcısı olaraq qalır.
Əvvəllər əldə olunmuş razılaşmalara əsasən, 2006-cı ildə Türkmənistan "Qazprom" ASC-yə 1000 kub metri 65 dollardan 30 mlrd kub metr qaz tədarük etməyi öhdəsinə götürüb.
Cari ilin fevral ayından elə həmin qiymətə türkmən qazı alan İran təxminən 8 mlrd. kub metr qazın tədarükü haqqında müqavilə bağlayıb.
2006-cı ildə Türkmənistanın 1000 min kub metri 50 dollardan 40 mlrd kub metr qazın tədarükü ilə bağlı öhdəlik götürdüyü Ukrayna isə ilin əvvəlindən qaz almayıb.
2009-cu ildən Çin də türkmən təbii qazının idxalçıları sırasına qatılacaq. Bu ölkə 30 il ərzində hər il 30 mlrd kub metr qaz almaq niyyətindədir.