...

Trend İnformasiya Agentliyinin dəstəyi ilə “Vandalizm” sənədli filminin təqdimatı keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2016 17:24 (UTC +04:00)
Bu gün Nizami Kino Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi, Trend İnformasiya Agentliyinin dəstəyi ilə idea və ssenari müəllifi Emil Hüseynlinin olan “Vandalizm” sənədli filminin təqdimatı keçirilib.
Trend İnformasiya Agentliyinin dəstəyi ilə “Vandalizm” sənədli filminin təqdimatı keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Nizami Kino Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi, Trend İnformasiya Agentliyinin dəstəyi ilə idea və ssenari müəllifi Emil Hüseynlinin olan "Vandalizm" sənədli filminin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, filmin nümayişindən öncə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı mədəniyyət abidələri dağıdılıb: "Bu mədəniyyət abidələri içərisində dini abidələrimiz önəmli yerlərdən birini tutur. Ermənilər işğal olunmuş ərazilərdə bizim məscidlərimizi dağıdıblar, vandal hərəkətlərə yol veriblər".

Komitə sədri qeyd edib ki, bu filmdə ermənilərin vandal əməlləri əks olunur, məscidlərimizə qarşı edilən təhqiramiz hərəkətlər faktlarla ictimaiyyətə çatdırılır: "Film titrlə ingilis dilində də yayılır və hesab edirəm ki, bu film erməni vandalizminin törətdiyi əməllərin xarici ictimaiyyətə çatdırılması baxımından vacib əhəmiyyət kəsb edir".

Təqdimat mərasimində çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində tarixi abidələri məhv etməklə insanlıq əleyhinə cinayət törədib. B.Muradova qeyd edib ki, bugünkü filmdə də erməni vandalizminin nəticələrindən, yalnız azərbaycanlı, türk olduğuna görə azərbaycanlılara qarşı törədilən cinayətlərdən bəhs edilir.

Vitse-spiker vurğulayıb ki, Azərbaycan bu illər ərzində ermənilər tərəfindən törədilmiş cinayətlərin beynəlxalq konvensiyalara zidd olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıb: "Azərbaycan ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiya ilə regiona səfər etməsini tələb edib və buna nail olub. 2005 və 2010-cu illərdə faktaraşdırıcı missiya işğal altında olan ərazilərə gəlib və həmin ərazilərin sərhədlərinin dəyişdirilməsi, ərazilərin erməniləşdirilməsi faktını təsdiq edib. Bu filmdə də həmin faktlar əks olunur".

Təqdimat mərasimində çxış edən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü bildirib ki, ermənilər yalnız Azərbaycan əleyhinə deyil, dünyaya qarşı cinayət törədib: "İşğal olunan Ağdam rayonu ərazisində 2200 il əvvələ aid daş insan heykəlləri qalıb və ermənilər bu nümunələri məhv edib. Bu heykəllər yalnız Azərbaycanın deyil, dünyanın sərvətidir. O cümlədən ermənilər işğal edilmiş Cəbrayıl rayonu ərazisində 500-600 il yaşı olan çinar ağaclarını məhv edib. Bundan əlavə işğal altındakı ərazilərdə Azığ mağarası qalıb. Bu mağara ən qədim insan məskənlərindən biridir. Ermənistanın işğalı yalnız ərazi işğalı deyil, mədəniyyətin, ekologiyanın, mirasın, ətraf mühitin işğalıdır. Ona görə də dünya gərək bu cinayəti görsün, bilsin, etiraf etsin və buna qarşı tədbir görsün. Bu baxımdan da bu film Azərbaycanın səsidir. Bu cür filmlərdən nə qədər çox olsa, bir o qədər yaxşı olar".

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev agentlik adından tədbirdə iştirak edən hər kəsə, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, filimin ərsəyə gəlməsində əməyi olan bütün insanlara minnətdarlığını bildirib. A.Nağıyev bildirib ki, Trend İnformasiya Agentliyi erməni vandallarının Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri 6 dildə dünya ictimiyyətinin diqqətinə çatdırır: "Bu filmin də çəkilməsinin məqsədi erməni cinayətlərini dünyaya göstərməkdir".

Təqdimatda çıxış edən Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev də ermənilərin törətdiyi vandalizm aktlarından danışıb: "Müdriklər deyir ki, dünənini itirən sabahını tapa bilməz. Məqsəd odur ki, dünənimizdəkini şüurumuzda həkk edək və dünəni unutmayaq ki, sabaha çata bilək. Ermənilər, bizim bədnam düşmənlərimiz Azərbaycanın suyunu içə-içə, çörəyəni yeyə-yeyə Azərbaycan torpaqlarına əl atdılar. O torpaqlara ki, Azərbaycanın bütün incəlikləri o torpaqlarda yaranmışdı. Təcavüzkarlıq edib Xocalı soyqırımını törətdilər. Bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bu cür filimlərin böyük əhəmiyyəti var".

Tədbirdə çıxış edən Bakı arxiyepiskopunun nümayəndəsi də filmin əhəmiyyətindən danışıb: "Mən sadəcə bir misal gətirmək istəyirəm. Azərbaycan həmişə multikultural, tolerant ölkə olub. Bakının mərkəzində erməni kilsəsi yerləşir, hansı ki, dağıdılmayıb, hətta kilsədə kitabxana var. Bu nümunə mədəni, dini abidələrlə necə davranmalı olduğunu göstərən bir amildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti