Parlamentin mətbuat xidmətinin rəhbərinin sözləri əlavə olunub (ilk xəbər saat 14:14-də yayılıb)
Azərbaycan, Bakı, 13 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti MDB Parlament Assambleyasının 36-cı iclasında iştirak etmək üçün mayın 14-də Sankt-Peterburqa səfər edəcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Elton Məmmədov, Rüfət Quliyev, Adil Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
MDB Parlamentlərarası Assambleya Şurasının iclasında Azərbaycanda, Moldovada parlament, Belarus və Qazaxıstanda isə prezident seçkilərinin nəticələri, beynəlxalq və milli seçki sistemləri, Rusiya parlamentarizminin 105 illiyi, yollarda təhlükəsizliklə bağlı keçirilmiş beynəlxalq konfransların sənədləri müzakirə olunacaq, təşkilati məsələlərə baxılacaq.
Deputatlarımız MDB PA-nın daimi komissiyalarının iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.
Səfər zamanı Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bır sıra görüşləri nəzərdə tutulub.
Azərbaycanın nümayəndə heyəti Sankt-Peterburqda Nürnberq prosesinin 65 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda və IV Neva ekologiya konqresində iştirak edəcək.
Azərbaycanlı deputatlar MDB PA-nın müxtəlif komitələrinin iclaslarında iştirak etməyi də planlaşdırırlar. Bu barədə jurnalistlərə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Onun sözlərinə görə, komitələrdə MDB ölkələri parlamentlərarası əlaqələrinin gələcəkdə möhkəmləndirilməsi məsələlərinə baxılacaq.